Ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, “dünənin, bu günün və sabahın partiyası”dır. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi dönməz və sarsılmaz etdi, Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın inkişaf yolunda aparıcı siyasi qüvvə rolunu oynadı. Yeni Azərbaycan Partiyası yaranan andan onun əsas məqsədi Azərbaycan xalqına xidmət etmək, xalqın rifahını qaldırmaq, Azərbaycanı güclü dövlətə çevirmək idi. YAP-ın yarandığı tarixdən bu günə ötən 32 ildən artıq müddətdə Partiyanın qurucusu Ulu Öndərin və sonrakı sədri cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur.
Yeni Azərbaycan Partiyası öz mövqeyi ilə seçilən və təsis edildiyi gündən etibarən dövlətin və xalqın maraqlarını müdafiə edən bir siyasi güc kimi tanınır. Partiya “Dünənin, bu günün və gələcəyin partiyası” kimi təsvir edilərək, onun həm tarixi irsi, hazırkı dövrdəki əhəmiyyəti, həm də gələcək nəsillərə təsiri vurğulanır.
Dahi şəxsiyyət Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi qüvvəsi olaraq dövlətin demokratik inkişafını təmin etmiş, iqtisadiyyat güclənmiş, xarici siyasətdə ölkəmizin mövqeyini möhkəmlətmək və ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə əhəmiyyətli işlər görülmüşdür.
Bu gün, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası özünün ən mütərəqqi dövrünü yaşayır. Bu müddət ərzində YAP həm də xalqın müxtəlif təbəqələrini təmsil edən güclü bir siyasi təşkilat olaraq öz nüfuzunu daha da artırmışdır. Həmçinin, sosial-iqtisadi inkişafın təmin edilməsi, demokratiyanın gücləndirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bir sıra proqramlar hazırlanmışdır. Bu proqramlar həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artırılmasına xidmət etmişdir. 2020-ci ilin Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev həm siyasi, həm də hərbi müstəvidə milli həmrəyliyi təmin etmiş və ölkənin qələbəsini təmin edən mühüm addımlar atmışdır.
Partiyanın gücü, həm də onun sıralarındakı vətəndaş dəstəyinin yüksək olmasında təzahür edir. Bu dəstək, YAP-ın həyata keçirdiyi islahatlarla daha da artmış, eyni zamanda, partiya öz nüfuzunu artıraraq Azərbaycan xalqının birliyinin simvoluna çevrilmişdir. YAP-ın 5 mart 2021-ci il tarixli VII qurultayı və digər mühüm mərhələlərdəki addımlar da partiyanın yeni zirvələrə yüksəlməsinə və Azərbaycanın gələcək uğurlarına xidmət etmişdir.
YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən etmişdir. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılması, yeni siyasi konfiqurasiyanın yaradılması və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın məhz “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Hazırda YAP-ın fəaliyyət proqramı ölkənin rifahının yüksəldilməsi, hüquqi dövlətin daha da möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır. Partiya, xalqın dəstəyini qazanaraq ölkədəki islahatların və modernizasiyanın əsas təşəbbüskarı qismində çıxış edir.
Hakim partiyanın hər bir üzvü YAP-ın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamın göstəricisidir.
Ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Abdulxeyir Nəcəfov,
Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru, YAP fəalı