Bildiyimiz kimi, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri yaddaşlardadır. Həmin dövrdə ölkədə hakimiyyətsizliyin mövcudluğu faciələrə, böyük təhlükələrin yaranmasına səbəb olmuşdur. Azərbaycanın belə çətin günlərində xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini etdi. Həmin müraciətdə qeyd olunduğu kimi, bu çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs Ulu Öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabından onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.
Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələri olur. Yeni Azərbaycan Partiyasının yaradılması həmin dönüş nöqtələrindən biridir. Bu baxımdan ki, partiyanın yaranmasından çox keçmədi ki, YAP iqtidar partiyasına çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı.
Heydər Əliyev rəhbərlik etdiyi YAP qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi reallıqda özünü doğrultmaqla yanaşı, bütün dövrlər üçün partiyanın atdığı addımlara bələdçilik edir.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən və ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edən Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. 32 il keçilən keşməkeşli və şərəfli yolun təqdimatıdır. Partiya bütün sınaqlardan şərəflə çıxdı, ilk gündən xalqın partiyası kimi nüfuz qazandı. Buna əsas verən təbii ki, tutduğu yola, əqidəyə sadiqliyi, hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir. YAP müxalifət partiyası kimi yaransa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmadı. Daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərdi.
Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi böyük nailiyyətlərdə və qələbələrdə Yeni Azərbaycan Partiyasının xidmətləri əvəzsizdir, danılmazdır. Ölkə həyatının bütün sahələrində bir siyasi təşkilat kimi partiya həmişə ön sıralarda getməklə xalqa, dövlətə, dövlətçiliyə, Ümummilli lider Heydər Əliyevə və onun ideyalarına yorulmadan xidmət etməklə ümumxalq partiyası olduğunu təsdiq etmişdir.
2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.
Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm əsaslar vardır.
Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi də YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər cür fədakarlığı göstərməyə hazırdır.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoydu. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni qərarların qəbulu YAP-ın gələcək fəaliyyətinə bələdçilik edir. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Yeni Proqramın əsas devizi “Biz birlikdə güclüyük!” oldu. Dövlət başçısı İlham Əliyev həmin qurultayda belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. Hazırkı dövrün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. YAP “Biz birlikdə güclüyük!” deyib bu hədəfə tezliklə nail olmaq üçün bütün qüvvə və bacarığını səfərbər edib.
İlkin Əzizov,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, YAP fəalı