Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır. Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan COP29-u da yüksək səviyyədə keçirməklə böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu.
Bildiyimiz kimi, COP konfransları dünya siyasətinin “olimpiadası” kimi qəbul edilir. Bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir. Çox az ölkə belə yüksəksəviyyəli tədbirləri müvəffəqiyyətlə keçirə bilir. Bu səviyyədə tədbirlərin təşkili həm maddi-texniki bazanın güclü olmasını, həm də beynəlxalq nüfuzun və etimadın mövcudluğunu tələb edir. Azərbaycanın qüsursuz təşkilatçılığı, 76 min nəfərin qeydiyyatından keçməsi və bu tədbirin tarixə rekordlarla düşməsi ölkəmizin dünya siyasətinin ön cərgəsinə çıxdığını göstərir. Tədbirin müxtəlif mərhələlərində qlobal liderlərin iştirakını təmin etmək, müzakirələrə şəffaflıq və peşəkarlıq qatmaq ölkəmizin təşkilati imkanlarının genişliyini təsdiqlədi. Azərbaycan yalnız təşkilatçı ölkə kimi yox, həm də qlobal oyunçu kimi öz mövqeyini bir daha sübut etdi. Bu uğur, həmçinin ölkəmizin beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə töhfə vermək bacarığını nümayiş etdirdi.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
Bir sözlə, COP29-un ev sahibi kimi Azərbaycan bütün dünyaya sübut etdi ki, bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır və o, qlobal tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin əldə olunmasına dəyərli töhfələr verməyə qadirdir. Məhz buna görə Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən, Bakının irəli sürdüyü təşəbbüslərindən, yaratdığı real imkanlardan qarşılıqlı şəkildə faydalanmağa can atan dövlətlərin sayı gündən-günə artır. Artıq arxada qoyduğumuz COP bizə dostlarımızı və bədxahlarımızı bir daha tanımaq imkanı verdi. Əminik ki, dost dediyimiz ölkələr etibarlı tərəfdaşları olan Azərbaycanın haqlı mövqeyinə bundan sonra da dəstək verməyi, maraqlarımızı müdafiə etməyi özlərinə borc biləcəklər.
Həmçinin, COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu
Ramil Zeynalov,
Salyan rayonu, Filologiya üzrə fəlsəfə doktoru, YAP fəalı