Preident İlham Əliyev ölkəmizi qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib

Baş səhifə

Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, regional lider kimi qəbul olunan, dünya miqyasında sayılıb-seçilən bir ölkəyə çevrilib. Bu dönüşün arxasında dayanan əsas sima, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan, yalnız regional çərçivədə deyil, qlobal miqyasda nüfuzlu, qalib bir ölkə kimi dünyaya səs salıb. Bu nailiyyətlərin təməlində isə müdrik siyasətin və dəmir iradənin sahibi olan ulu öndər Heydər Əliyevin əvəzsiz irsi dayanır.

Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək, müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən İlham Əliyev, Ulu öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq, Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü  illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimadını təkrarladı.

Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində  ölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimi  fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin  iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi.

Cənab Prezident demək olar ki, respublikamızda bütün sahələrin inkişafına böyük həssaslıq və diqqətlə yanaşıb, tərəqqi üçün ən zəruri addımlar atıb. Böyük strateq kimi torpaqlarımızın azad olunması məqsədilə ordumuzu Qələbəyə hazırlayaraq, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika ilə təchiz olunmasına yönələn tədbirlər həyata keçirmişdir. Bölgədə davamlı sülhün əldə olunmasına sədaqətini fəaliyyəti ilə sübut edən dövlətimizin başçısı əvvəlcə diplomatik cəbhədə üstünlüyümüzü tam təmin etdi və ən yüksək tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Prezident Qarabağ danışıqlarında dəfələrlə bəyan etmişdi ki, biz sülh tərəfdarıyıq, amma Azərbaycan bu işğalla barışmayacaq. Ölkəmizin sülh çağırışlarına Ermənistan qeyri-konstruktiv addımlarla cavab verdi ki, bu da bölgədə müharibə ilə nəticələndi. Beləliklə, 2 əsrlik tariximizdə ilkə imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində 1 günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövüyünü tam təmin etmiş lider kimi tarix yazdı və anti-Azərbaycan dairələrini, ölkəmizin düşmənlərini məyus etdi.

Azərbaycan Prezidenti İlham Əliyev liderliyi ilə beynəlxalq hüququn imkanları əsasında suveren hüquqlarını təmin edərək tarixi ərazilərimizi azad etdi. Artıq 4 ildir ki, həmin ərazilərdə tikinti-quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar və Böyük Qayıdış prosesi uğurla davam edir, əzəli torpağımızda həyat yenidən canlanır. Qarabağ Universitetinin yaradılması da işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu təhsil ocağının fəaliyyətə başlaması Qarabağın sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədi daşıyır.

Prezident  İlham Əliyev təkcə ölkəmizdə, regionda deyil, qlobal arenada yüksək hörmət və ehtiramla qəbul olunur. Ulu öndər Heydər Əliyevin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri heç də təsadüfi deyildi. Prezident İlham Əliyev bu günümüzün və sabahımızın birmənalı şəkildə təminatçısıdır.

Prezident İlham Əliyev humanist dəyərlər, demokratik prinsiplərlə idarə etdiyi ölkəsini tarixi zəfərlərə, qlobal uğurlara və dayanıqlı inkişafa aparan bir dövlət xadimidir. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. COP29 kimi qlobal tədbirin Bakıda uğurla keçirilməsi isə bir daha təsdiq etdi ki, dünya artıq Azərbaycanı yalnız qalib bir ölkə kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən bir lider dövlət kimi tanıyır.

Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünyada güc mərkəzinə çevirdi. Beynəlxalq gücləri onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın tezləşməsi üçün əlindən gələni əsirgəmir. Əminik ki, Azərbaycan xalqı onun iradəsi və cəsarəti ilə bu zirvəni də fəth edəcək.

Ülviyyə Ağalarova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir