Tarix sübut edib ki, xalqlar yalnız lideri ilə böyük nailiyyətlər qazanaraq ümummilli hədəflərə yüksələ bilirlər. Xalqın həyatını, taleyini müsbət mənada dəyişməyi yalnız həqiqi liderlər bacarır və bu ali, müqəddəs məqamdan sonra milyonların etimad, sevgi ünvanına çevrilirlər. Xalqlar və millətlərə böyük qələbəni də, xoşbəxtliyi də yalnız liderlər bəxş edirlər. Bu isə heç vaxt unudulmur, yaddaşlardan silinmir.
Bu baxımdan qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli ictimai-siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev məhz belə liderlərdəndir və onun rəhbərliyi ilə ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Dünya dövlətləri sırasında böyük nüfuzu ilə fərqlənən Azərbaycanın inamla reallaşdırdığı sosial-iqtisadi islahatlar, infrastruktur layihələr Prezident İlham Əliyevin çevik və qətiyyətli siyasətinin təntənəsidir. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədinə sadiq qalan ölkəmizin başçısı hər zaman xalqın böyük inam və etimadını qazanaraq insan amilinə, ən əsası isə xalqın iradəsinə xüsusi önəm verib, bütün fəaliyyəti dövründə milli maraqlarımızın qorunmasının təminatçısı olub.
İqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, bölgələrdə davamlı yüksəlişin təmin edilməsi dövlət başçısının uğurlu daxili siyasətinin təzahürləridir. 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard dollara çatıb, ÜDM-in real həcmi 4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə yüksəlib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata qalxıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard dollara yüksəlib. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb.
Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard dollara yüksəlib. 20 ildə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Dövlət proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilib, regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Ötən müddət ərzində böyük qismi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi inşa edilib.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə, yalnız torpaqların işğaldan azad edilməsi deyildi; bu, həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq, dövlət və ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azad edilməsi ilə xalqımız 30 illik nisgilin və haqsızlığın sona çatdığını gördü. Bu qələbə, dünya xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycanın artıq qlobal miqyasda öz haqqını qoruyan, prinsipial mövqeyi olan güclü bir dövlət olduğunu təsdiqlədi.
Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan, qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə diqqət çəkir. Xüsusilə, iqlim dəyişiklikləri və ekoloji təhlükəsizlik məsələlərinin dünya miqyasında həlli istiqamətində atdığı addımlarla Azərbaycan, təkcə regionda deyil, bütün dünyada etimad qazanıb.
Bu etimadın nəticəsi olaraq 2024-cü ildə Azərbaycan dünyanın ən mühüm beynəlxalq tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-a ev sahibliyi etdi. Tədbir çox böyük uğurla keçirildi və Azərbaycanın qlobal miqyasda mühüm rol oynayan, məsuliyyətli və nüfuzlu bir ölkə olduğunu bir daha sübuta yetirdi. Bəli, həqiqətən də Azərbaycan ekoloji dayanıqlılığa verdiyi töhfələrlə, gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə böyük işlər görən qüdrətli bir dövlətdir. Bakı, dünya liderlərini bir araya gətirərək iqlim problemlərinin həll yollarını tapmaq üçün qlobal platformaya çevrildi, Azərbaycanın diplomatik, təşkilati və strateji potensialını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev humanist dəyərlər, demokratik prinsiplərlə idarə etdiyi ölkəsini tarixi zəfərlərə, qlobal uğurlara və dayanıqlı inkişafa aparan bir dövlət xadimidir. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. COP29 kimi qlobal tədbirin Bakıda uğurla keçirilməsi isə bir daha təsdiq etdi ki, dünya artıq Azərbaycanı yalnız qalib bir ölkə kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən bir lider dövlət kimi tanıyır.
Təbriz İsmayılov,
Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı