Həmrəyliyimiz, milli birliyimiz qüdrətli dövlət olmağımızın əsas təminatıdır

Baş səhifə

Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bir sözlə, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən siyasəti ilə Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinə nail oldu. Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılması üçün Ulu Öndər misilsiz işlər görmüşdür. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.

Ulu Öndərin müqəddəs missiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III,  2016-cı ildə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Dünya Azərbaycanlılarının V Qurultayını  – Zəfər Qurultayını isə qalib xalqın övladları kimi Şuşada qeyd etdik. Qurultaydakı tarixi çıxışında Prezident İlham Əliyev deyirdi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu haqq savaşında Azərbaycan xalqının övladları vətənpərvərlik və birlik içində Vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək milli birlik, həmrəylik mühüm rol oynadı. Milli birliyimiz sonrakı qələbələrimizə yol açdı. Bu il sentyabrın 19-da cəmi 24 saat belə davam etməyən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla tariximizin ən önəmli mərhələsinə nida qoydu.

Həmrəyliyimiz, milli birliyimiz qüdrətli dövlət olmağımızın əsas təminatıdır. Artıq dövlət, xalq olaraq qarşımızda yeni hədəflər var. Bu hədəflərə çatmaq üçün ən gözəl vasitə yenə də milli birliyimizdir! Prezidentimiz İlham Əliyevin də dediyi kimi, “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur”.

 

Əzizağa Məmmədli,

Rayon “Qələbə” qəzetinin əməkdaşı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir