Milli maraqlara və dövlətçilik dəyərlərinə sadiqlik

Baş səhifə

Bildiyimiz kimi, 2024-cü ilin dekabr ayının 25-də Azərbaycan xalqına və dövlətinə böyük faciə üz verdi. Bakı-Qroznı  reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğradı. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak oldu, təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində isə 29 sərnişin sağ qaldı.

Dövlətimizin başçısı  dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində qəzanın başvermə səbəblərinin araşdırılması, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində atılan addımlardan və ilkin nəticələrdən bəhs etdi. Dövlət Komissiyası yaradılması,  müvafiq qurumların nümayəndələrindən ibarət heyətin, eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrupun Aktau şəhərinə ezam edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun baş vermiş qəza ilə bağlı cinayət işi açması və sair kimi mühüm addımlar Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildi. Sözügedən müsahibəsində “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq” söyləyən dövlətimizin başçısı ilkin versiyaların kifayət qədər əsaslı olduğunu, faktlara söykəndiyini önə çəkərək açıqladı ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni itirmişdir. Dövlət başçısı bildirdi ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Həmçinin yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Azərbaycanı təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də odur ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması, quşlarla bağlı versiyalar irəli sürdü. Bu, açıq-aydın göstərdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə ki, bu, heç kimə başucalığı gətirmir.

Hadisədən üç gün sonra, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vuraraq təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdi. Prezident İlham Əliyev telefon danışığı zamanı Vladimir Putinə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini vurğuladı. Rusiya Prezidentinə təyyarənin gövdəsində çoxsaylı dəliklərin olması, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmaları, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyi bildirildi.

Qeyd etmək lazımdır ki, Azərbaycan hər bir məsələdə ədalətin yanındadır. Bu baxımdan dövlətimiz baş verən təyyarə qəzasının səbəblərinin araşdırılmasında və ictimaiyyətə çatdırılmasında ədalət meyarının qorunmasına çağırış etdi. Azərbaycan Prezidentinin mövqeyi bütün azərbaycanlılar tərəfindən yüksək qiymətləndirildi. Hər kəs qəzada həlak olanların xatirəsini uca tutdu. Təyyarənin pilotları və ekipaj üzvlərinin qəhrəmanlıqları bizi qürrələndirdi. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərdilər.Ölkə başçısı qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxsləri təltif etdi. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. Bu da vətənin öz qəhrəman övladlarına verdiyi qiymətdir. Onu da bildirək ki, Hökumə Əliyeva Salatın Əsgərova və Gültəkin Əsgərovadan sonra Milli Qəhrəman adına layiq görülmüş üçüncü qadınımızdır.

Azərbaycan xalqı, bütün Türk dünyası bu faciə ətrafında sıx birləşdi, həmrəy oldu. Qardaş Qazaxıstan dövlətinin və xalqının dəstəyi yüksək qiymətləndirilməlidir. Onlar qəza anında və sonrakı proseslərdə özlərini əsl qardaş türk xalqı kimi apardılar. Bu faciə Qazaxıstan və Azərbaycanı bir-birinə daha da doğmalaşdırdı. Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və Qazaxıstan xalqına göstərdikləri dəstəyə görə təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibbi heyətinin sərnişinlərin xilası zamanı nümayiş etdirdikləri peşəkarlıq və həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu amillər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi və iki dövlət arasında qarşılıqlı etimadın daha da dərinləşməsi üçün bir nümunə oldu.

Bakı-Qroznı istiqamətində baş verən faciə Azərbaycan aviasiyası tarixində mühüm hadisə olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də ciddi rezonans doğurdu. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hadisəyə obyektiv yanaşma, şəffaf istintaq və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir. Bu hadisə, eyni zamanda, Azərbaycanın təhlükəsizliyə və suverenliyə verdiyi yüksək önəmi bir daha nümayiş etdirərək dövlətin öz vətəndaşlarının hüquq və təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görəcəyini bir daha göstərdi.

Allahverdi Piriyev,

Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir