Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı danılmazdır

Baş səhifə

Yeni il ərəfəsində müşahidə edilən bayram ab-havası, təəssüf ki, faciəli hadisənin kölgəsində qaldı – AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakı-Qroznı marşrutu ilə uçarkən qəzaya uğradı. Bu faciə hər birimizi sarsıtdı, çünki qəzada insanlar həyatlarını itirmişdilər. Təyyarə qəzası xəbərini  Prezident İlham Əliyev MDB-nin ənənəvi olaraq hər ilin sonunda keçirilən qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedərkən alıb və dərhal  vətənə qayıdıb. Hələ havada ikən müvafiq tapşırıqlar verən ölkəmizin başçısı qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin rəhbərliyi ilə komissiya yaradılması, Azərbaycan nümayəndələrindən ibarət nümayəndə heyətinin Aktauya ezamı, ora azərbaycanlı həkimlərdən ibarət briqadaların göndərilməsi barədə göstəriş verdi. Bundan sonra Bakı hava limanında Prezident İlham Əliyev hadisə ilə bağlı dərhal müşavirə keçirdi. 

Əldə olunan ilkin məlumatlara əsasən təyyarə radioelektron müdaxilə nəticəsində idarəetməni itirmiş və eyni zamanda yerdən açılan atəşə məruz qalmışdı. Təyyarənin gövdəsində və quyruq hissəsində müşahidə edilən ciddi zədələr onun havada partlayış dalğasına düşdüyünü göstərmişdi. Bu barədə dövlət başçımız dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdi: “Bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”. Təyyarənin tamamilə idarəolunmaz vəziyyətə düşməsinə baxmayaraq, ekipaj qəza enişini uğurla həyata keçirə bilmişdir. Ölkə başçımız onların qəhrəmanlığını yüksək dəyərləndirdi: “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər”. Prezident İlham Əliyev müsahibəsində pilotların və ekipaj üzvlərinin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini vurğuladı və çox qısa müddətdən sonra həlak olmuş iki pilot və bələdçi Milli Qəhrəman adına, qəzada sağ qalmış iki bələdçi isə  “Rəşadət” ordeninə layiq görüldülər.

Bu faciə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstan arasında dostluq və həmrəyliyin əsl nümunəsi kimi yadda qaldı. Hadisə zamanı göstərilən həmrəylik və qarşılıqlı dəstək hər iki xalqın ürəyində dərin iz buraxdı. Qəza xəbərini alan kimi Qazaxıstanın xilasedici qüvvələri dərhal hərəkətə keçdi. Hadisə yerinə vaxtında çataraq onlar dağıntılar altında qalmış sərnişinləri xilas etmək üçün öz həyatlarını təhlükəyə atdılar. Partlayış riski və təyyarənin yanmaqda davam edən hissələri xilasediciləri qorxutmadı, əksinə, onlar peşəkarlıq və cəsarət nümayiş etdirərək sərnişinləri təhlükəsiz əraziyə çıxarmağı bacardılar. Bu davranış yalnız peşə borcu deyil, əsl insanlıq nümunəsi idi. Həmçinin Qazaxıstanın tibb işçiləri sayəsində yaralılar təcili şəkildə xəstəxanalara çatdırıldı, onların həyatı üçün dərhal mübarizəyə başlanıldı. Bu prosesdə göstərilən səylər həm Qazaxıstan rəhbərliyinin, həm də adi vətəndaşların humanizmini əks etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevə şəxsən təşəkkür edərək xilasedici və tibb personalının göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirdi. Ölkə başçımız Qazaxıstan xalqının hadisə zamanı göstərdiyi həmrəylikdən duyduğu məmnuniyyəti ifadə etdi. Qazaxıstan vətəndaşlarının Azərbaycanın Aktaudakı konsulluğuna gələrək başsağlığı verməsi, gül dəstələri qoyması və həmrəylik nümayiş etdirməsi iki xalq arasındakı qardaşlıq bağlarını bir daha təsdiqlədi.

 

Qüdrət Hüseynov,

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühasibi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir