Dövlət başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, regionda və dünya siyasətində rolunun, yeni dünya nizamının formalaşması prosesinə verə biləcəyi töhfələrin, eyni zamanda, 2025-ci il üçün hədəflərinin təqdimatı oldu. Ötən ilin sosial-iqtisadi göstəricilərinə diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, bunlar sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail olub. Bu il və gələn illərdə də bu dinamika saxlanılacaq.
Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində əsas diqqət göstərdiyi uğurlar sırasında COP29-a ev sahibliyimiz və D-8 təşkilatına üzv qəbul edilməyimiz xüsusi yer tutur. Cənab İlham Əliyev bu mühüm məqamı qeyd etdi ki, regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Qeyd edək ki, D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Bu, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Dövlət başçısı İlham Əliyev müsahibəsində həmçinin vurğuladı ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk ailəsinin həmrəyliyini diqqətə çatdırır. Türk Dövlətləri Təşkilatının beynəlxalq müfuzunun artmasına Azərbaycanın və qardaş Türkiyənin verdiyi töhfələr daim təqdim edilir.
Qeyd edək ki, hazırkı dövrün əsas çağırışlarından biri Azərbaycanın yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmasıdır. Cənab İlham Əliyev müsahibəsində də vurğuladı ki, biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Ölkəmiz uğurlu siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya, bir tərəfimiz Avropaya uzanır. Bu böyük coğrafiyada Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Qürurla qeyd etmək olar ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri uğurla davam etdirilir. Bu gün Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır.
Sözügedən müsahibədə dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.
Əli Məmmədov,
Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı,
YAP fəalı