Ana dilimizin Azərbaycan dili adlandırılması

Baş səhifə

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. ”Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Ana dilimiz Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm”.

Qeyd edək ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu, bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.

Əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə edir. Azərbaycanda coxlu sayda əlifbalar dəyişib, lakin dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu çox gözəl dərk etmişik. Amma latın qrafikasına keçidin isə müsbət çəhətləri çoxdur. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 10 ilə qədər davam edib. Bu proses ötən əsrin 90-cı illərin əvvəllərindən başlayıb, 2001-ci ildə isə yekunlaşdı.

Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.

Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

YAP Salyan rayon Təşkilatının fəal üzvü Salyan rayon Təhsil sektorunun əməkdaşı Aytən Hacıyeva

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir