Uğurlu müstəqil siyasət

Baş səhifə

 

Azərbaycanın bugünkü uğurlu siyasəti Ulu Öndər Heydər Əliyevin siyasətinin davamıdır. Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndərin misilsiz xidmətləri olmasın. Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Ümummilli Liderimiz rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunmasının əsası qoyulmuşdur. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti bu gündə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın müharibələr məngənəsində silkələndiyi bir vaxtda tarazlaşdırılmış, bərabərhüquqlu əməkdaşlığa söykənən xarici siyasəti bərqərar etmək, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək  və hətta  uğur qazanmağın çətinliyinin göz önündə olması bu barədə təhlilsiz də çox söz deyir. Bütün bu çətinliklərə baxmayaraq Prezident cənab İlham Əliyevin dövlətimizin milli maraqlarını qoruyaraq  apardığı  müstəqil çoxşaxəli xarici siyasəti həm beynəlxalq münasibətlər sistemində, həm də qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin davamlılığında böyük uğur qazanır və ölkəmizə yeni nüfuz gətirir. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev hesabat nitqlərində Azərbaycanın xarici siyasət müstəvisində gördüyü işlərin  qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa necə töhfə verdiyindən və bunların ölkəmiz üçün hansı uğurlarla nəticələndiyindən, inkişafa necə təkan olmasından geniş və ətraflı danışdı. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa diqqət çəkdi və onun uğurla davam etdirildiyini  və dünyanın aparıcı beynəlxalq təşkilatların artıq yeni reallıqları qəbul etdiyini faktlarla və rəqəmlərlə göz önünə sərmişdir.

Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin BMT xətti ilə Şuşa şəhərində  keçirilməsini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, atdığı praktiki addımlar və bunların həm xalqımız üçün, dövlətimiz üçün, həm də orada təmsil olunan dövlətlər üçün əhəmiyyətinin böyüklüyünə diqqət çəkdi.

Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.

Bir sözlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil uğurlu xarici siyasəti milli maraqlara və inkişafa böyük təkan və töhfələr verir.

İlkin Kərimov,

Salyan rayonu Aşağı Kürkənd kəndi , YAP fəalı

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir