Azərbaycan regional və beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir

Baş səhifə

 

Azərbaycan regional və beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur. Hazırkı postmünaqişə dövründə yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar yarandığı, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin əsas çağırışlar sırasında olduğu bir zamanda etibarsız qonşu olan  İran Azərbaycana qarşı riyakar davranışlarını davam etdirir. İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər tərəfdən təcavüzkar Ermənistana dəstək göstərib. Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.

Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatlarını davam etdirməklə yanaşı, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.  Yaxın və Orta Şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıq isə budur ki, İranın nə təsvir edilən formada “hərbi qüdrəti”, nə də “müsəlman təəssübkeşliyi”var.

Sözdə dostluq münasibətində olan İranın ermənipərəst mövqeyi hər addımda özünü büruzə verir. 30 illik işğal dövründə bu dövlətin ikiüzlü siyasətini təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Məhz bu yanaşmasının, Ermənistana sevgisinin nəticəsi idi ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma fəaliyyətsiz, daha çox işğalçı dövlətə dəstək funksiyasını icra edən, hazırda arxivə atılan qurumun tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gətiriləndə Ermənistan daş atıb başını tuturdu ki, Türkiyə vasitəçi olmasın. Amma İranı bu missiyanı yerinə yetirməkdə görürdü. Türkiyənin ədaləti və beynəlxalq hüququ dəstəklədiyi üçün Azərbaycanı müdafiə etməsini qəbul etməyən işğalçı dövlət İranın beynəlxalq hüquq normalarına zidd əməllərini normal qəbul edirdi. İranın Ermənistana hər bir baxımından dəstəyi göz önündədir. Özünü “müsəlman dövləti” kimi təqdim edən İran məscidlərimizdə donuz saxlamaqla bütün islam dünyasına hörmətsizlik edən Ermənistanla dostluq edir. Prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan ermənilərin işğal etdikləri ərazilərdə 67 məsciddən 65-ni dağıtması, ikisində isə müsəlmanların heysiyyətini təhqir edərək donuz saxlamaları faktlarını dünya ictimaiyyətinə çatdırıb. Təkcə qədim Azərbaycan şəhəri Şuşada 16 məsciddən 15-i məhv edilib. Azərbaycan Prezidenti bu faktlarla bağlı bəyan edib ki, İslam məbədlərini dağıdan və təhqir edən ermənilər müsəlmanların dostu ola bilməzlər.

Postmünaqişə dövründə də İran Ermənistana dəstəyi ilə diqqətdədir. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.  Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını niyə tələb etmir? Bu kimi sualları xeyli sayda sadalaya bilərik. Ermənistana dəstək olmaqla işğalçılıq siyasətini müdafiə etdiklərini ifadə edən İran kimi dövlətlər Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan reallıqlar fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstəklərini göstərsələr daha yaxşı olar.

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir