Əbədi müstəqilliyimizin memarı

Cəmiyyət

Tarixin yaddaşında mühüm izlər buraxan günlər millətlərin taleyində dönüş nöqtəsi yaradır. Azərbaycan xalqı üçün belə şanlı tarixlərdən biri də “15 İyun – Milli Qurtuluş Günü”dür. Bu gün müasir Azərbaycanın dövlətçilik tarixində təkcə bir təqvim hadisəsi deyil, milli dövlətçiliyin, suverenliyin və sabitliyin bərqərar olduğu gündür. 1993-cü ilin məhz bu günü Azərbaycan xalqı öz xilaskarına – Ümummilli Lider Heydər Əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirməklə ölkəni uçurumun kənarından xilas etdi və gələcəyə doğru sabit bir yol seçdi.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycan rəsmi olaraq müstəqilliyini bərpa etsə də, bu müstəqillik formal xarakter daşıyırdı. Siyasi xaos, idarəolunmazlıq, silahlı qarşıdurmalar, daxili çəkişmələr və xarici təhdidlər ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20%-i itirilmiş, yüz minlərlə insan doğma yurdundan didərgin salınmışdı. Hakimiyyət uğrunda gedən mübarizə isə ölkədə anarxiya və parçalanma meyllərini daha da gücləndirmişdi.

Bu tarixi məqamda xalqın yeganə ümid yeri yenidən Heydər Əliyev oldu. Hələ Sovetlər dövründə Azərbaycanı inkişaf etdirmiş, xalqın sevgisini qazanmış bu böyük dövlət xadimi 1993-cü ilin iyununda xalqın təkidli dəvəti ilə Naxçıvandan Bakıya gəldi və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyması demək idi. Xalqın “qurtuluş” adlandırdığı bu dönüş nöqtəsi 1997-ci ildə rəsmi olaraq Milli Qurtuluş Günü elan olundu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu. O, milli birlik və həmrəyliyi bərpa etməyə, dövlətin idarə olunmasında ardıcıllıq yaratmağa nail oldu. Hərbi çevriliş cəhdlərinin qarşısı alındı, dövlət çevrilişi təhlükələri neytrallaşdırıldı. Azərbaycan dövləti öz süqut təhlükəsindən qurtuldu. Dövlətçiliyin təməl prinsipləri yenidən quruldu, hüquqi islahatlar başlandı.

Ən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq aləmdə tanınması və nüfuz qazanması oldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan həm Qərblə, həm də Şərqlə strateji münasibətlər qurmağa başladı. 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adlandırılan neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi. Bu müqavilə Azərbaycanın dünya enerji xəritəsində mühüm aktora çevrilməsinə səbəb oldu. Yeni neft strategiyası ölkəyə milyardlarla sərmayə cəlb etdi və gələcək nəsillər üçün iqtisadi əsaslar yaratdı.

Heydər Əliyev sadəcə olaraq bir dövrün lideri deyildi. O, müstəqilliyimizin əbədiliyinin ideya müəllifi və təminatçısı idi. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır!” fikri bu gün də hər bir vətəndaşın qəlbində əbədi həqiqət kimi yaşayır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi, insan hüquqlarını və azadlıqlarını təmin edən hüquqi baza yaratdı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasi xətt uğurla və inamla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və təntənəsidir. 2020-ci ildə işğal altındakı torpaqlarımız azad olundu, 2023-cü ildə isə suverenliyimiz tam təmin edildi. Bu Qələbə həm də Milli Qurtuluş Günü ideyasının – milli birliyin və güclü liderliyin təntənəsidir.

Bugünkü güclü, qüdrətli, modern Azərbaycan dövlətinin təməlində 15 İyun Qurtuluş Günü dayanır. Bu gün müstəqilliyimizin qorunması, Azərbaycanın inkişafı və tərəqqisi üçün göstərilən hər bir uğur ulu öndərin mirasına sədaqətin təzahürüdür. Heydər Əliyev şəxsiyyəti bu gün təkcə tarixdə yox, həm də xalqın ürəyində yaşayır. Onun dövlətçilik məktəbi, ideyaları, strateji baxışı bu gün də yolumuza işıq tutur.

Bu gün biz əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev xalqını və dövlətini zamanın ağır sınaqlarından keçirərək müstəqil Azərbaycanın memarına çevrildi. Onun adı, əməlləri və miras qoyduğu müstəqil Azərbaycan dövləti əbədi yaşayacaq. Bu gün hər bir azərbaycanlının borcu – müstəqilliyimizi qorumaq, inkişaf etdirmək və onu gələcək nəsillərə ötürməkdir.

Vüqar Ağayev

YAP Salyan rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir