Sayon rayon icra başçısı Novruz bayramı münasibətilə rayon sakinlərin təbrik etdi.

Baş səhifə

Əziz salyanlılar!

Sizi xalqımızın ən əziz bayramı olan, əsrlər keçsə belə, müqəddəsliyini, doğmalığını, istiliyini qoruyub saxlayan Novruz bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı bildirir, xoşbəxtlik, ailə səadəti, hər bir işinizdə uğurlar arzulayıram. Çərşənbələrdə, əlamətdar günlərdə təşkil olunmuş rəngarəng şənliklər, mərasimlər xalqımız tərəfindən sülhsevərliyə, mehriban, qayğıkeş münasibətlərə, dostluğa, qardaşlığa və digər insani duyğulara həssaslıqla yanaşıldığını təsdiq edir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən hər bir azərbaycanlının ürəyində xüsusi yeri olan Novruzun Heydər Əliyev Fondunun səyləri nəticəsində ümumdünya qeyri–maddi mədəni irs siyahısına daxil edilməsi xalqımızı qürurlandırmış, ona böyük sevinc bəxş etmişdir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yenilməz, qətiyyətli rəhbərliyi, dahiyanə siyasi uzaqgörənliyi, informasiya sahəsindəki şəksiz liderliyi sayəsində 30 ilə yaxın müddətdə Ermənistanın əsarəti altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Bu haqq savaşımızda ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarını qurban verərək millətimizin başını bütün dünyada göylərə qaldıran qəhrəman Vətən övladlarını sonsuz hörmət və ehtiramla yad edir, Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik. Hal–hazırda azad olunmuş yurd yerlərimizdə aparılan yenidənqurma, tikinti–quruculuq işləri geniş vüsət almaqdadır. Xalqımızın gücü–qüdrəti, qurub–yaratmaq eşqi sayəsində bu ərazilərimiz daha yaraşıqlı, daha abad və füsunkar olur. Аrtıq yurd yerlərimiz uzun illər həsrətli, nisgilli qaçqın həyatı yaşamış soydaşlarımızı qəbul etməkdədir.
Ölkə başçımızın müvafiq sərəncamı ilə 2023–cü ilin “Heydər Əliyev ili” elan olunması bu dünya şöhrətli siyasətçinin, görkəmli dövlət xadiminin, böyük dövlət adamının zəngin irsinin daha dərindən öyrənilməsi, təbliğ olunması və gələcək nəsillərə çatdırılması baxımından müstəsna rol oynayır.
Novruz bayramı və baharın yurdumuza qədəm qoyması ilə ana torpaq oyanır, təbiət canlanır, öz gözəlliyi ilə qəlblərə sevinc bəxş edir, ürəkləri riqqətə gətirir. Abadlıq–quruculuq, yaşıllaşdırma, səliqə-sahman işləri daha da geniş miqyas alır.
Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində rayonumuz daha da inkişaf edir, sosial–iqtisadi sahədə qazanılan nailiyyətlər, əhalinin maddi–rifah halının daha da yaxşılaşması qəlbimizi fərəh hissləri ilə doldurur. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin siyasətini ürəkdən dəstəkləyir və müdafiə edir.
Hörmətli salyanlılar!
Sizi bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edir, hər bir rayon sakininə xoşbəxtlik, firavanlıq, ruzi–bərəkət arzulayıram. Arzu edirəm ki, bu Novruz hər bir salyanlı ailəsinə bol–bol sevinc, fərəh bəxş etsin.
Novruz bayramınız mübarək!

Sevindik Hətəmov,
Rayon icra hakimiyyətinin başçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir