Avropa İttifaqı-Azərbaycan əlaqələri

Baş səhifə

Ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur. Ümummilli Liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə etmiş, münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan bugünkü münasibətlər həmin sazişə əsaslanır. Daha sonrakı mərhələdə iki tərəf arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, əsas sektorlar üzrə siyasi dialoqu gücləndirmək, eləcə də ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulan yeni proqram üzrə inkişaf prosesi davam etdirilmişdir. 

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən bir il əvvəl Avropa İttifaqı ölkəmizə xüsusi elçi təyin etmiş, 2000-ci ildə isə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyi yaradılmışdır. Bu addımlar münasibətlərin inkişafı üçün imzalanan saziş çərçivəsində həyata keçiriləcək layihələrin daha səmərəli şəkildə reallaşması üçün önəmli hadisələrdən hesab edilir. 2004-cü il Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından ikinci dönüş nöqtəsi oldu. Belə ki, həmin il Azərbaycan Avropa İttifaqı Qonşuluq Siyasətinə (AQS) daxil edildi. Qarşılıqlı əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyəti kəsb edən bu hadisədən sonra Azərbaycanda iqtisadi, siyasi, hüquqi və inzibati sahələr üzrə islahatlar keçirilməsi üçün yeni imkanlar yaranmışdır. Avropa İttifaqı həmin islahatların keçirilməsi üçün ölkəmizə maddi-texniki dəstək göstərmişdir. 2006-cı ildə tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin, o cümlədən əhalinin rifah səviyyəsinin dəstəklənməsi baxımından “Avropa İttifaqı–Azərbaycan Fəaliyyət Planı” adlı növbəti sənəd imzalanmışdır.  2009-cu ildə isə respublikamız Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) proqramına daxil edilmişdir. Əlbəttə ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib.

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafında mühüm rola malikdir. Prezident cənab İlham Əliyev 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bildirmişdir ki: “Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.” Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir.

Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini  prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının yeni müstəvidə ölkəmizlə qurduğu münasibətlər, müharibənin nəticələrinin aradan qaldırılması, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirələr aparmağa, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarındandır.

Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

Mahiyyə Həsənova,

Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir