Laçın rayonunun yeni inkişaf dövrü başlanmışdır

Baş səhifə

 

Ali Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə Milli Ordumuz dəmir yumruğa çevrilərək “Qarabağ Azərbaycandır!” şüarı altında böyük qələbəmizi reallaşdırmış, 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazmışdır. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər qanlı döyüşlərlə azad edilmiş, bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edilmişdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi.

Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.

Biz həmin faciələri dərin kədərlə yaşadıq, amma qürurlu xalq olduğumuz üçün həm də işğaldakı bütün torpaqlarımızın azadlığına qovuşacağı inamımız vardı. Bu inamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, onun rəhbərliyi ilə güclü Ordumuz yaratmışdır. Laçın rayonunun erməni işğalından azad olunması isə tarixi ədalətin bərpası olmaqla yanaşı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın və ordumuzun böyük əhəmiyyət kəsb edən qələbəsidir.

Dövlətimizin başçısı görüş zamanı cari ilin 28 mart tarixində Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən bildirmişdir ki, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Azərbaycan dövləti bundan sonra qalib dövlət kimi inkişaf edəcək, xalqımız müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

Eldəniz Cəfərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir