Azərbaycanlı xalqı qurub-yaradan xalqdır

Baş səhifə

 

Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri görülür. Siyasi iradə, iqtisadi güc, maliyyə imkanları, insani resurslar və beynəlxalq tərəfdaşların varlığı bu strateji vəzifənin uğurlu icrasını təmin edə biləcək mühüm amillərdir. Bu komponentlər sırasında maliyyə imkanları məsələsinə xüsusi olaraq toxunaraq qeyd edək ki, son iki il ərzində sözügedən vəzifənin icrası üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılmışdır. Yeri gəlmişkən, onu da vurğulayaq ki, cari ilin son beş ayının uğurli iqtisadi nəticələrinin bilavasitə təsiri altında dövlət büdcəsində profisit qeydə alınmışdır və bu reallığa adekvat olaraq işğaldan azad olunan ərazilərin bərpası işinə cari il üçün əlavə olaraq 470 milyon manat (cəmisi 2milyard 670 min manat) vəsaitin ayrılması planlaşdırılır.

Prezident cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha əyani olaraq sübut etdi ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər getməkdədir. Bütün infrastruktur layihələr uğurla icra olunur. Dövlət başçısının qeyd etdiyi kimi, keçən il 4 su elektrik stansiyası istifadəyə verilmişdir. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir. Həmin 4 stansiya artıq işləyir, ümumi enerji gücümüzü artırır və bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir. Cənab Prezident eyni zamanda vurğuladı ki, “Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar – elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.”Kəlbəcər şəhərinin Baş planı, habelə Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Baş plana əsasən, Zəngilan şəhəri və rayonu təbiətə sıx inteqrasiya olunmalı, park-şəhərə çevrilməlidir. Eyni məntiqlə Kəlbəcərin bərpası işləri geniş vüsət almışdır. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcərdə “İstisu” sanatoriyasının,“İstisu” mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdur.

Laçın rayonunda həyata keçirilən strateji əhəmiyyətli layihə, heç şübhəsiz, eyniadlı beynəlxalq hava limanının tikintisidir. 2024-cü ildə hava limanının istifadəyə verilməsi planlaşdırılır. Nəticədə bölgənin turizm mərkəzinə çevrilməsi reallaşacaqdır.

görülən işlərin miqyası olduqca genişdir. Prezident cənab İlham Əliyevin təbirincə desək, “biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.”

Bir sözlə, Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış və viran qoyulmuş 10 min kvadrat kilometrlik ərazidə yeni həyat qurulur. Bu torpaqların əzəli və əbədi sahibləri böyük şövqlə qurmaq və yaratmaqla məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən nəhəng quruculuq işləri xalqımızının böyüklüyünün göstəricidir. O xalqımızın ki, tam etibar etdiyi rəhbəri-Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşayır, yaradır və gələcəyinə inamla baxır. Uca zirvələrə aparan gələcəyinə…

Dövlət başçısı hazırda azad edilmiş ərazilərdə ziyanın hesablanması, şəhərlərin baş planlarının hazırlanması işlərinin görüldüyünü qeyd edib: “Baş planlar təsdiq olunduqdan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik”.

Müasir, ağıllı yaşayış məntəqələri Qarabağ və Şərqi Zəngəzurda planlanan quruculuq işlərinin əsas parçasıdır. Artıq Zəngilan rayonunun Ağalı kəndində bu layihə reallaşıb, “yaşıl enerji”, “sıfır tullantı” salınan Ağalı kəndinin əsas simvollarından birinə çevrilib. Gələcəkdə belə kəndlərin və şəhərlərin sayı ölkəmizdə daha da artacaq, yeni dayanıqlı şəhər və kəndlər inşa ediləcək.Azərbaycan lideri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı çıxış edərkən də ərazilərin bəprası məsələsinə toxunaraq bildirib ki, işğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Həmin ərazilərə çoxsaylı səfərləri zamanı avtomobillə hərəkət edərkən 400-450 kilometr yol boyu yalnız dağıdılmış şəhər və kəndlər görüb. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Erməni vandalları azərbaycanlıların inşa etdiyi evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar. İşğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb. Məqsəd azərbaycanlıların heç vaxt o torpaqlara geri dönməsinə imkan verməmək olub.Onu da qeyd etməliyik ki, bu günədək işğaldan azad olunmuş ərazilərdə xeyli tikinti-bərpa işləri görülüb. Artıq Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir. Dövlət başçısı bu yolu Zəfər yolu adlandırıb. Yaxın vaxtlarda Bərdə-Ağdam yolunun çəkilişinə başlanacaq. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Martın 15-də Prezident Füzuli və Xocavənd rayonlarına növbəti səfəri zamanı yeni bərpa işlərinin anonsunu verdi. Səfər çərçivəsində bir sıra obyektlərin, o cümlədən, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzuli-Hadrut avtomobil yolu öz başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Azərbaycan lideri həmin ərazilərə səfərləri zamanı həmişə dünyaya mesaj verib ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə çalışıb. Amma buna nail ola bilməyib. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni doğma torpaqlarımızdan qovmuşuq. Dövlət başçısı Xocavənd rayonuna gedərkən yol boyunca bütün yaşayış məntəqələrinin dağıdıldığını qeyd etdi: “İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”

“Bəli, bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidənqurma, müasir tələblər səviyyəsində quruculuq işləri, dövlət başçımız, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdiyi “Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!” sözləri hər kəsdə böyük ruh yüksəkliyi yaradır”

Elmar Əhmədov,

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir