Dövlətimizin enerji siyasəti yeni reallıqlara əsaslanır

Baş səhifə

 

Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb: “Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir. Azərbaycanın enerji ehtiyatları həm milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yancaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Hər iki ölkə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdir. Məsələn, Azərbaycan Xəzər dənizində, Bolqarıstan isə öz növbəsində qeyri-sabit Qara dənizdə strateji mövqeyə malikdir. İki potensialın inteqrasiyası təkcə hər iki ölkə üçün deyil, həm də daha geniş coğrafi perspektivdə iki region üçün yeni imkanlar açır.

Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı.Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.

Əfsər Abdullayev,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir