Laçının azad olunması tarixi qələbəmizdir

Baş səhifə

 

Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. “Laçın” sözü “məğrurluq” mənasındadır. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Buna baxmayaraq erməni tör-töküntüləri Laçının bir hissəsində qalmaqda davam edirdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu insanlar məhz həmin bayrağı öpüb and içdikdən sonra savaşa girmişdilər.

İndi başqa zamandır. Bizi istəməyən qüvvələr və ermənilər tərəfindən ara-sıra təxribat hadisələri baş versə də, görünən odur ki, Laçın rayonu işğaldan azad edildikdən sonra inkişaf dövrünə qədəm qoymuşdur. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq, üçrəngli müqəddəs bayrağımız burada əbədi dalğalanacaqdır.

Qənimət İsrafilova,

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir