Regionun logistik potensialı zənginləşir

Baş səhifə

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Xüsusi olaraq vurğulamalıyıq ki, Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu.

Qələbəmiz regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Türkiyə Respublikası və Türkmənistan prezidentlərinin müxtəlif vaxtlarda Azərbaycana səfərləri üç dost və qardaş ölkə arasında həm siyasi, həm də iqtisadi münasibətlərin daha da möhkəmlənməsində mühüm addım olub. Üç dövlət başçısının dekabrın 14-də keçirilmiş Birinci Zirvə Görüşü də bu cəhətdən yeni bir önəm daşıyır.

Prezident İlham Əliyev tədbirdəki çıxışında mühüm məsələlərə toxunub, ölkəmizin iqtisadi imkanlarından geniş bəhs edib. O, göstərib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

İmkanlar mövcuddur və yetərincədir, ancaq bunlardan səmərəli istifadənin vaxtı çatıb. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Zəmin isə var, bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır. Deməli, xalqlarımızın birgə gələcəyi üçün çox möhkəm təməl var. Yeni üçtərəfli platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir.

Xeyrulla Şahbazov,

Masallı Regional Mədəniyyət İdarəsi

Cəlilabad şəhər 3 saylı şəhər klubun müdiri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir