Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

Baş səhifə

 

Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasındadır. Çünki bu gün onun gündən-günə çiçəklənən, güclənən, dünyada söz sahibi olan Azərbaycan adını ən mötəbər beynəlxalq tribunalardan ehtiramla səsləndirilməsini diktə edən müstəqil bir dövləti var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz bu müqəddəs amallara çatmaq üçün 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Həmin sessiyadakı çıxışında Ulu Öndərimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyib: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürüdüb. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edib. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb.

Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Birliyimiz, həmrəyliyimiz sayəsində 44 gün ərzində tariximizin ən şərəfli səhifəsini yazaraq yenilməz olduq. Bizə bir yumruq kimi birləşməyi, həmrəy olmağı, Vətəni sevməyi və onun uğrunda ölməyi ən böyük azərbaycanlı, Ümummilli Lider Heydər Əliyev öyrədib. Nə qədər ki, bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək. Ona görə biz xalqlar arasında ən müasir, dövlətlər arasında ən qüdrətli olmağa layiqik ki, dar gündə kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq birləşməyi bacarırıq, düşmənə qarşı tək yumruq ola bilirik, ümummilli bir məsələdə, Azərbaycan torpaqlarının azad olunmasında dövlətimizin, ordumuzun yanındayıq.

Bu gün müstəqil Azərbaycanda görülən bütün işlər məhz bu məsələyə, milli iradənin, xalqın möhkəm iradəsinin formalaşmasına yönəldilib. Çünki məhz milli iradə, birliyimiz, həmrəyliyimiz həlledici məqamda öz sözünü deyəcək. Tarixboyu belə olub, bundan sonra da belə olacaq. Dünya azərbaycanlıları Ulu Öndərimiz Heydər Əliyevin bu müraciətini heç vaxt unutmurlar: “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”

 

 

Firuzə Əsədova,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir