Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir edir. Bu baxımdan, milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, onun milli maraqlarını hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bununla bağlı müəyyənləşirdiyi uzaqgörən siyasət həyata keçirə bilməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətdir. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Ulu öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü bayram kimi qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır. Bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun tarixi şəxsiyyət kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.
Bəli, bu gün inamla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin siyasəti onun layiqli davamçısı – ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük qələbələrə imza atacağını təsdiq edir.
Laləzər Hüseynova,
Salyan Dövlət Kukla Teatrının direktoru, YAP fəalı
