20 Sentyabr milli kimliyimizin rəmzinə çevrilmiş gün kimi tariximizə yazıldı

Baş səhifə

Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir. Qarabağ məsələsi isə bu tarixdə ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrdən biridir. İllər boyu xalqımızın yuxusuna haram qatmış işğal 2020-ci ildə Vətən müharibəsi ilə sona yetdi. Azərbaycan Ordusu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi və xalqın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Lakin həmin vaxt Qarabağda yaranmış yeni reallıq arzuladığımız kimi deyildi. Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi. Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirsək bu gerçəkliyi görürük ki, 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.  Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər.

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, məsələlərin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 2020-ci ildən sonrakı 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər.Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrün bütün xronoloji məqamları Azərbaycanın mövqeyinin  ədalətli olduğunu, beynəlxalq hüquq normalarına əsaslandığını bir daha  təsdiqləyir. Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirdilər. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmadı, hətta əlavə silah-sursat, minalar göndərib ölkəmizə  qarşı mina terrorunu  davam etdirdi.Antiterror əməliyyatı qaçılmaz idi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən Ermənistan  digər tərəfdən ölkəmizə qarşı ərazi iddialarından əl çəkmirdi.  Bu vəziyyətdə antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın  Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanından  müraciətində bu çağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.

Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!Bəli, Anti-terror tədbiri xalqımıza milli qürur və böyük sevinc bəxş etdi. Bu tarixi uğurun davamı olaraq müqəddəs bayrağımız azad edilmiş hər qarış torpağımızda qürurla dalğalandı. Prezident İlham Əliyevin qətiyyəti və dəmir iradəsi ilə Azərbaycanın gücü, əzmi və böyüklüyü bütün dünyaya nümayiş etdirildi. Milli birliyimiz bu zəfərdə öz parlaq təcəssümünü tapdı, xalqımız isə ümumxalq sevincini yaşadı. Azərbaycan liderinin şanlı Zəfər yürüşü tariximizə qızıl hərflərlə yazıldı və təqvimimizə yeni bir bayram günü əlavə olundu. Beləliklə, xalqımızın azadlıq eşqinin gülləboran edildiyi 20 yanvar  müstəqilliyimizin yeni nəfəsi, 20 sentyabr isə milli kimliyimizin rəmzinə çevrilmiş gün kimi tariximizə yazıldı. 

Ülviyyə Mirzəyeva,Salyan rayon Xurşud kənd ümumi orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir