Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır, desək yanılmarıq. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi. 20 Yanvar faciəsi, həm ümümxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bu təcavuz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.”
Keçmiş sovetlər birliyinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi təkcə bizim tariximizdə deyil, həm də bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Xalqımız o günlərdə böyük bir həqiqəti-həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-dünyaca qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar hadisələrində xalqının səsinə hər kəsdən əvvəl səs verən də məhz ulu öndərimiz böyük Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan Müzəffər liderimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və açıq ermənipərəst başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və onun ailəsi bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq, sarsılmaz, dönməz iradə və milli mövqelərini nümayiş etdirmiş oldu. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də Azərbaycandakı faciəyə verilən ilk obyektiv siyasi qiymət idi.
Yalnız Ümummilli Lider Heydər Əliyevin müstəqil ölkəmizin rəhbərliyinə qayıdışından sonra, 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Beləliklə, 20 Yanvar faciəsi məhz böyük Heydər Əliyevin prinsipial və ardıcıl siyasi mübarizəsindən, dönməz mövqeyindən sonra öz hüquqi-siyasi qiymətini aldı. “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur.“- deyən Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edər, şəhid ailələri ilə görüşər, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, memarlığı ilə əziz şəhidlərimizin ölməz xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev şəhid adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Hər il yanvarın 20-də xalqımızın qan yaddaşına hörmətin ifadəsi olaraq Şəhidlər xiyabanını ziyarət edərək, şəhid məzarlarına, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyan, qərənfillər düzən Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həm də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün çox mühüm addımlar atılmış, qərarlar verilmişdir. Bu gün dövlət başçısı cənab İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanına əsasən şəhid ailələrinə təqaüd verilir və bu təqaüdlər ildən-ilə artırılır. Cənab Prezidentimizin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 35 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini ifadə edir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikamızın bütün şəhər və rayonlarında qeyd olunur.
Bu gün iftixar hissi ilə demək olar ki, uzun illər Ermənistanın işğalı altında olmuş torpaqlarımızda, eləcə də, illərdir mənfur düşmənlərimizin terror mərkəzinə, yuvasına çevirdiyi doğma Xankəndində əziz şəhidlərimizin uğrunda canlarını vermiş üçrəngli bayrağımız heç vaxt olmadığı kimi əzəmətlə, qürurla dalğalanır. İllər öncə ulu öndərimizin və cənab Prezidentimizin dediyi “Üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır! O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda öz əksini tapmışdır. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandı.
Bəli, “20 Yanvar” faciəsi azadlıqsevər xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.” Bəli, nə qədər ki, xalqımız yaşayacaq, nə qədər ki, müstəqil Azərbaycan var olacaq – əziz şəhidlərimiz heç zaman unudulmayacaq.
Daşqın Cəbiyev,
Salyan rayonu Şorsulu kəndi, YAP fəalı
