34 il əvvəl – 1990-cı il yanvarın – 19-dan 20-ə keçən gecə Bakıda və respublikamızın müxtəlif bölgələrində baş verən hadisələr həm də öz azadlığı uğrunda mübarizə aparan xalqımızın milli mücadilə tarixinin mühüm səhifələrindən biridi. Başqa cür desək, 20 Yanvar faciəsi milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi.
Düz 34 il əvvəl SSRİ rəhbərliyi əzəli və əbədi torpağı olan Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxdığı üçün Azərbaycanı cəzalandırmaq qərarına gəldi və Azərbaycana qoşun yeridildi. Azərbaycan xalqının artıq rejimdən azad olmaq istədiyini və ən əsas məsələ, Qarabağın Ermənistana verilməsinə etiraz etdiyini görən sovet hakimiyyətinin törətdiyi Qanlı Yanvar qırğını tariximizə dəhşətli faciə kimi yazıldı.
Baş vermiş hadisələr zamanı sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri yox idi. Heç nədən xəbəri olmayan günahsız və əliyalın insanlarımız həlak oldu. Qoşun birləşmələri mülki əhalini və obyektləri hədəfə almaqla, dinc əhaliyə qarşı amansız cinayət törətdilər. Bu faciə yalnız Bakı şəhərində törədilmədi, ölkəmizin ayrı-ayrı rayon və şəhərlərində də qırğınlar davam etdirildi. Baş vermiş faciələr zamanı ümumilikdə 147 soydaşımız öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu.
Azərbaycan xalqının bu çətin günündə baş verən qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən isə ümummilli lider Heydər Əliyev olmuşdu. Hadisə baş verən günün səhəri Heydər Əliyev faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdi. Ona qarşı edilən bütün təhdid və qadağalardan çəkinməyərək həyatını təhlükə qarşısında qoyan ulu öndər bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirərək bəyanatla çıxış etmişdir. Bəli, 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində almışdır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş günün tələbi idi. Ulu Öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Məhz ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü il mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
