20 Yanvar: Hüzn, qürur və azadlıq iradəsi

Cəmiyyət



Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr vardır ki, onlar təkcə müəyyən bir dövrü deyil, bütöv bir millətin taleyini, düşüncəsini və gələcək yolunu müəyyənləşdirir. 1990-cı ilin 20 Yanvar faciəsi məhz belə hadisələrdəndir. Bu qanlı gecə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi tarixə həkk olunub.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası öz varlığını qorumaq naminə dinc Azərbaycan əhalisinə qarşı hərbi güc tətbiq etdi. Tanklar və silahlı qoşun hissələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridildi, günahsız insanlar amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar, yaşlı insanlar belə bu vəhşiliyin qurbanına çevrildi. Bu faciə sovet totalitar rejiminin əsl mahiyyətini, onun insan həyatına və xalqların iradəsinə necə biganə yanaşdığını bütün dünyaya nümayiş etdirdi.
Lakin 20 Yanvar təkcə faciə deyil, eyni zamanda milli oyanışın, azadlıq əzminin və iradəsinin təntənəsidir. Sovet imperiyası xalqımızın mübarizə ruhunu sındırmaq istəsə də, bunun əksinə nail oldu. Axıdılan günahsız qanlar Azərbaycan xalqını daha da birləşdirdi, müstəqillik ideyasını geri dönməz prosesə çevirdi. 20 Yanvar şəhidləri öz canları bahasına sübut etdilər ki, Azərbaycan xalqı əsarətlə barışmır, azadlıq və ləyaqət uğrunda mübarizədən geri çəkilmir.
Bu faciəyə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, sovet hakimiyyətinin təzyiqlərinə baxmayaraq, Moskvada bu qanlı hadisəni açıq şəkildə pisləmiş, Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmışdır. Məhz Ulu Öndərin prinsipial mövqeyi nəticəsində 20 Yanvar faciəsi Azərbaycan tarixində milli qəhrəmanlıq və şəhidlik zirvəsi kimi tanındı. Bu hadisə xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi.
Zaman göstərdi ki, 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın təməl daşlarını qoyan qəhrəmanlardır. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası məhz onların canı və qanı bahasına mümkün oldu. Sonrakı illərdə Azərbaycan dövləti ağır sınaqlardan keçsə də, milli iradə heç vaxt sarsılmadı. Bu iradə güclü dövlətçilik ənənələrinin formalaşmasına, iqtisadi və siyasi müstəqilliyin möhkəmlənməsinə yol açdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü, müasir və müstəqil Azərbaycan artıq regionun aparıcı dövlətlərindən biridir. Ən əsası isə, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmışdır. Bu Zəfər 20 Yanvar şəhidlərinin yarımçıq qalan arzularının gerçəkləşməsi, onların ruhu qarşısında mənəvi hesabatdır.
Bu gün azad Qarabağda üçrəngli bayrağımız dalğalanırsa, bu, 20 Yanvar şəhidlərinin də müqəddəs payıdır. Onların göstərdiyi fədakarlıq olmasaydı, nə müstəqil dövlət, nə də suveren Azərbaycan ola bilərdi. Müasir Azərbaycan dövləti məhz 20 Yanvar kimi ağır, lakin şərəfli sınaqlardan keçərək formalaşıb.
20 Yanvar faciəsi xalqımız üçün həm dərsdir, həm də and yeridir. Bu tarix bizə azadlığın qiymətini, müstəqilliyin hansı qurbanlar bahasına əldə edildiyini xatırladır. Eyni zamanda, gələcək nəsillərə milli kimlik, vətənpərvərlik və dövlətə sədaqət ruhunu aşılayır. Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq, şəhidlərinin xatirəsini daim uca tutacaq.
Bu gün biz 20 Yanvar şəhidlərinin ruhu qarşısında baş əyir, onların ailələrinə dərin hörmət və ehtiramımızı bildiririk. Onların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. 20 Yanvar – hüznlə yanaşı, milli qürur günüdür. Bu, ölkəmizin tarixində silinməz, unudulmaz bir səhifədir.

Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir