Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu il noyabrın 21-də ümumxalq partiyasına çevrilmiş YAP-ın yaradılmasının 30-cu ildönümü tamam olur. 30 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. İstərdik ki, bu istiqamətdəki genişmiqyaslı islahatların əhəmiyyətinə nəzər salaq. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın gücünün artmasını təmin edib. Paralel olaraq dövlətimiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından məharətlə istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir. Xüsusilə də, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər bu mənada böyük önəm daşıyır.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayda çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” ,- deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır.
VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirdi, monolit siyasi qüvvə kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.
Bunlarla yanaşı, YAP qurultaydan ötən dövr ərzində beynəlxalq əlaqələrini və əməkdaşlığını uğurla davam etdirib, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib.
YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlərin və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan YAP bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətlənməsinə və strateji hədəflərə çatmasına imkan verəcək.
Bu gün sıralarında 773 min nəfərə yaxın üzvü birləşdirən YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu baxımdan, partiya özünün 30 illik yubileyinə böyük nailiyyətlərlə gedir. Şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə addımlayacaq!
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı
