31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu

Cəmiyyət

Məlumdur ki, “böyük Ermənistan” xülyasını reallığa çevirməyə çalışan ermənilər tarixin müxtəlif dövrlərində terror və soyqırımı kimi bəşəri cinayət aktları törədib, xüsusilə də xalqımıza qarşı müxtəlif cinayətlərə yol verib, çoxsaylı günahsız insanların qətlinə və soyqırımına yol açan cinayət əməlləri həyata keçiriblər. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

1918-ci ilin mart qırğınları da bu siyasətin tərkib hissəsi idi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdılıb.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh etmiş, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət vermiş və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırmışdır. Ümummilli lider Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar demişdir: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Mart faciələrinin baş verdiyi günlərdən bizi 100 illik zaman kəsiyi ayırsa da, vaxtilə o hadisələrin canlı şahidi olmuş insanların dedikləri nəsildən-nəslə hələ də ötürülməkdədir. Təkcə 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

31 Mart soyqırımına hüquqi-siyasi qiymət verən normativ aktlar arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncam xüsusi yer tutur. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində  Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.

Bəhram Bağırov,

Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi, YAP fəalı

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir