43 İllik Peşəkar Həyat: Həkim-Müəllif Mirnəsiyyət Cavanxan oğlu Mürsəlovun İşıqlı Yolu

Cəmiyyət

Həyatını insanların sağlamlığına həsr edən və anesteziologiya-reanimatologiya sahəsində 43 illik peşəkar fəaliyyət göstərən Mürsəlov Mirnəsiyyət Cavanxan oğlu tibb aləmində xüsusi nüfuz qazanmış şəxslərdən biridir. O, 1958-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini uğurla bitirərək tibb elminin çətin və məsuliyyətli yollarına qədəm qoymuşdur.

Peşəkar fəaliyyətinə 1982-ci ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında başlayan Mürsəlov Mirnəsiyyət müxtəlif kənd məntəqələrində məntəqə müdiri kimi fəaliyyət göstərmişdir. İllər boyu topladığı təcrübə və peşəkarlıq sayəsində rayon sakinlərinin sevimli həkiminə çevrilmişdir. 2016-cı ildən etibarən o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri vəzifəsini icra etməyə başlamışdır. Onun rəhbərliyi altında şöbə müasir tibbi yanaşmalar və yüksək səviyyəli müalicə metodları ilə seçilmişdir.

2023-cü ildə 65 yaşının tamam olması ilə bağlı təqaüdə çıxmasına baxmayaraq, Mürsəlov Mirnəsiyyət öz sevimli peşəsini davam etdirməkdədir. O, hər zaman xəstələrinə sevgi ilə yanaşaraq onların sağlamlıq mübarizəsində dayaq olmuşdur. Peşəkarlığı, insansevərliyi və təcrübəsi ilə həmkarları və xəstələri arasında böyük hörmət qazanmışdır.

Mürsəlov Mirnəsiyyət yalnız tibb sahəsində deyil, həm də bədii yaradıcılıq sahəsində fəal iştirak edir. O, Biləsuvar rayon həkimlərinin həyatı və peşə fəaliyyəti haqqında yazdığı “Ağ Xalatlı Xilaskarlar” kitabı ilə diqqət çəkmişdir. Bu əsər tibb işçilərinin gündəlik fədakarlıqlarını və insanlığa verdikləri dəyəri əks etdirir. Bundan əlavə, mərhum məşhur cərrah Elman Həsənov haqqında qələmə aldığı “Dünya Bir Pəncərədir” adlı kitabı da tezliklə oxucuların ixtiyarına veriləcək. Bu kitab Cənub bölgəsində cərrahiyyə sahəsindəki uğurların və çətinliklərin canlı şahidi olmuş Elman Həsənovun həyat və fəaliyyətinə işıq tutur.

Fəaliyyət dövründə dəfələrlə xəstəxananın baş həkimləri və rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və diplomlarla təltif olunan Mirnəsiyyət Mürsəlov, həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri ilə tibb aləmində bir nümunədir.

Mürsəlov Mirnəsiyyət Cavanxan oğlu, həm həkimlik sahəsində, həm də yaradıcı fəaliyyəti ilə Biləsuvarın və Azərbaycanın sağlamlıq tarixində silinməz izlər qoymuşdur. Onun ömür yolu, cəmiyyətə verdiyi töhfələr və gələcək nəslə örnək olan həyat fəlsəfəsi hər zaman ehtiramla yad ediləcəkdir.Bundan sonrakı fəaliyyətində də uğur arzu edirik!

Səmil Şahlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir