Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin şah əsərlərindən biridir

Baş səhifə

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ümummilli Lideri, zəmanəmizin böyük şəxsiyyəti, bütün ömrünü xalqının müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Müstəqilliyin ilk günlərində nizami ordunun olmaması nəticəsində torpaqlarımız işğal olundu, ölkə parçalanmaq təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu işində də əsaslı addımlar atmağa başladı. Qısa müddətdə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində ciddi qərarlar qəbul edildi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində – 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib.

Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.

 

 

Murad Vəlizadə,

Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi

dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir