Siyasi partiyaların həmrəylik nümayiş etdirməsi milli birliyimizin nümunəsidir

Cəmiyyət

 

Sevindirici haldır ki, bu gün xalqımız bir çox sahələrdə milli birlik, həmrəylik nümayiş etdirir. Biz bu milli birliyin, həmrəyliyin günücü 44 günlük Vətən müharibəsində gördük. Bu birlik bizə imkan verir ki, milli maraqlarımızı daha əzmlə müdafiə edək.  İstər 44 günlük vətən müharibəsi, istərsə də ondan sonrakı dövrdə xalqımız arasında olan bu birliyi, bu vəhdəti biz Siyasi partiyaların fəaliyyətində də gördük.

Ölkə Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib. Bu gün siyasi müstəvidə fərqli siyasi baxışlara, fərqli ideologiyalara, fərqli hədəflərə və proqramlara sahib olan partiyaların milli məsələlərdə birliyini müşahidə edirik. Siyasi partiyalar arasında sağlam münasibət formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılmışdır. 16 dekabr 2022-ci il tarixində qəbul olunmuş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu siyasi partiyalar müstəvisində sistemli münasibətlərinin mövcudluğunu, habelə  demokratik fəaliyyət meyarlarını müəyyən etmişdir.

Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir.

Son üç il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Bundan başqa, siyasi partiya nümayəndələrinin, politoloqların 2021-ci il 17 mart tarixində Ağdam şəhərinə, 7 oktyabr tarixində Şuşa şəhərinə, 2022-ci il 24 iyun tarixində Zəngilan rayonuna səfərləri təşkil olunmuşdur.

Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanatlar eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur və siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Eyni zamanda siyasi partiyalar bu addımı ilə bütün dünyaya nümayiş etdirdi ki, xalqımız ümummilli məsələlərdə, milli maraqlar naminə hər zaman vahid mövqe nümayiş etdirməyə, həmrəy olmağa qadirdir.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir