Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir

Cəmiyyət

 

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.

Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa yönəlib. Bu illər ərzində ordumuzun hərbi qüdrətinin daha da artırılması istiqamətində həyata keçirilən işlərin uğurlu nəticəsi 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında özünü göstərdi. Belə ki, 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini işğalçılardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz 2018-ci ildə də uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini, o cümlədən Şərur rayonunun Günnüt kəndini düşməndən təmizlədi. Düşünmək olardı ki, Ermənistan və ona havadarlıq edən dövlətlər bu əməliyyatlardan ciddi dərs alarlar. Amma 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri təxribatlar onların nəinki dərs almadıqlarını, hətta yeni ərazilər uğrunda müharibə planları hazırladıqlarını nümayiş etdirdi. 27 sentyabr 2020-ci il tarixdə işğalçı erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin müxtəlif istiqamətlərdən raket atəşinə tutulması İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirdi”.

44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün göstəricisi olmaqla yanaşı, ermənilərin illərdir yaratdıqları mifləri tamamilə darmadağın etdi. “Məğlubedilməz erməni ordusu” mifini yaradan ermənilər və erməni diasporu 44 gündə bunun tamamilə əksini gördü. Bir daha dünyaya nümayiş olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. 2020-ci  il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya sənədi oldu.  Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.

Üç il bundan öncə, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı dünyaya səs saldı. Bu parad 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun gücünün, qüdrətinin, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizin, müharibə başlandığı gündən qardaş dəstəyini göstərən Türkiyə ilə ölkəmizin birliyinin, dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu.

Torpaqlarımızın işğaldan azad olunduğu üç il ərzində bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunması istiqamətində hərtərəfli addımlar atdıq. Bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması strategiyası özündə siyasi, diplomatik, hərbi, iqtisadi komponentləri birləşdirirdi. Biz bu komponentlərin hər birini uğurla tətbiq edərək bayrağımızı Xankəndidə, Xocalıda ucaltdıq. Sentyabrın 19-20-də həyata keçirdiyimiz antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində 30 ildən artıq mövcud olan separatizmə son qoyuldu və Azərbaycan dövlətçilik tarixini yenilədi, müstəqillik tarixini tamlaşdırdı. Prezident İlham Əliyevin strateji baxışları, iradəsi, əzmi sayəsində Azərbaycan, nəhayət ki, bütün əraziləri boyunca suverenliyə sahib olan müstəqil dövlət oldu. Prezidentin özünün də dediyi kimi, müstəqillik şərti ola bilməz. Həqiqətən də, Azərbaycan sözün əsl mənasında ərazi bütövlüyü təmin olunmuş, bütün ərazisi boyunca  suverenliyə sahib müstəqil bir dövlətə çevrildi.

Bu gün azad olunan əziz torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız, qürur və fəxarət rəmzimizə çevrilib. Ölkə rəhbəri İlham Əliyevin düşünülmüş və məqsədyönlü addımları, döyüş meydanında Azərbaycan Ordusunun qazandığı qələbələr tariximizin ən böyük dönüş dövrünü yaratdı. Gözlərimiz önündə hələ uzun əsrlər danışılacaq, barəsində igidlik, qorxmazlıq dastanları yazılacaq cəsur oğullarımızın, Vətən uğrunda gözünü qırpmadan döyüşə atılan dağ ürəkli övladlarımızın mərdlik hekayələri dildən-dilə dolaşacaq.

Yalçın Abdullazadə,

YAP Salyan rayon təşkilatının məsləhətçisi, “Vətən Müharibəsi” iştirakçısı   

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir