Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bizim şanlı qələbəmizin simvolu olacaq

Cəmiyyət

Qələbə ilə başa çatan 44 günlük şanlı Zəfər tarixindən artıq üç il ötür. Üç il əvvəl şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Azərbaycan xalqı olaraq böyük qəhrəmanlıqla torpaqlarımızı 30 illik işğaldan qurtaran, suverenliyimizi bərpa edən igid oğullarımızla fəxr edirik. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna dərin ehtiram duyur, onların əziz xatirəsini daim uca tuturuq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılır.  Kompleksin və muzeyin yaradılması Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

8 Noyabr prospektində inşa olunan Zəfər parkı 9 hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.

Zəfər muzeyinin əsas girişində yaradılacaq “dəmir yumruq” simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcək. “Dəmir yumruq” Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.

Parka doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti – Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər parkında həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın aşağı hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq.

Bir sözlə, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərəcək.

 

Nübar Bayramova,

Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir