Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə sözügedən təhsil ocağında keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu mahiyyətinə görə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir.
Dövlət başçımız forumda iştirak edən dünyanın nüfuzlu araşdırma mərkəzlərinin rəhbərlərinin, eləcə də tanınmış analitiklərin suallarına cavablarında Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Avropa İttifaqı əlaqələri, Cənubi Qafqazın gələcəyi və digər mühüm istiqamətlərlə bağlı bütün məqamlara aydınlıq gətirdi, Bakının sözügedən məsələlərlə bağlı obyektiv, ədalətli mövqeyini ortaya qoydu.
Dövlətimizin başçısı sülh üçün Azərbaycana nələrin lazım olduğunu bildirdi və qeyd etdi ki, ölkəmizə Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır.
Qalib tərəf olmasına baxmayaraq, dövlətimiz Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir. Belə bir şəraitdə bir sıra qlobal subyektlərin regiona müdaxilə cəhdləri, sülhü və sabitliyi təhdid edən davranışlar qəbuledilməzdir.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh gündəliyinə hazır olduğunu bəyan edərək açıq formada bildirdi ki, əgər Ermənistan tərəfindən hər hansı formada təhdid müşahidə olunarsa, Azərbaycan beynəlxalq normaları rəhbər tutaraq bu təhlükələri aradan qaldırmaqda qətiyyətlidir. Bu, əslində son dövrlər bəzi Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, onu yeni münaqişəyə təşviq etməsi, həmçinin İrəvanın sürətlə silahlandırılması fonunda Azərbaycanın aydın və qətiyyətli mövqeyinin ifadəsi idi.
Prezidentin nitqində diqqətçəkən əsas məqamlardan biri də Azərbaycanın Qərblə, xüsusən Avropa İttifaqı və ABŞ ilə münasibətlərindəki hazırkı ritorika ilə bağlı oldu. Xüsusən Avropa İttifaqının bir sıra strukturlarının ölkəmizə münasibətdə qərəzli yanaşma fonunda İlham Əliyevin cavabı kifayət qədər aydın oldu – ya həmin adamlar reallıqları başa düşmür, ya da bütövlükdə Azərbaycanın regional və qlobal müstəvidə əhəmiyyətini dərk etmirlər. Dövlət başçısı İlham Əliyev nitqində ölkəmizin Avropa İttifaqına (Aİ) üzv olmaq hədəfinin olmadığını vurğulaması və bunu Azərbaycanın Aİ-yə heç vaxt qəbul edilməyəcəyi ilə əlaqələndirməsi, zənnimcə üzvlük üçün bu kimi təsisatların qapılarında növbə gözləyənlərə də bir mesaj olmalıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın xarici siyasət konsepsiyasında praqmatik səbəblərə görə, Aİ-yə üzv olmaq məqsədi yoxdur. Qənaətimə görə, bu ölkəmizin öz milli hədəflərindən yayınmaq, perspektivi olmayan istiqamətlərə güc, vaxt və resurs sərf etmək niyyətində olmamasından qaynaqlanır. Ölkəmiz beynəlxalq hüququn suveren subyekti olan bütün dövlətlər və təsisatlarla bərabərhüquqlu və qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlığa üstünlük verir. Məhz bu amil Azərbaycanın müstəqil xarici siyasət kursunu yalnız milli maraqlara söykənərək həyata keçirməsini şərtləndirir. Azərbaycan ilğım vədlərin yer aldığı, perspektivi öncədən bəlli olan heç bir prosesdə iştirak etmir və bu amil milli maraqlar zəminində əldə etdiyimiz bütün uğurların təməli sayıla bilər.
Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışının məğzini ümumiləşdirsək, bu, qalib tərəfin milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə yönəlik Zəfər ritorikası hesab oluna bilər.
Rəşad Zeynalov,
Salyan rayon Xələc 2 saylı kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
