Xalqımızın əlamətdar günləri, parlaq zəfərləri təntənəli şəkildə qeyd etdiyi tarixi hadisələrdən biri də mayın 10-da – Ulu Öndərin 101-ci doğum günündə Şuşada yaşandı. Prezident İlham Əliyev qala şəhərimizin əzəli sakinləri ilə doğma yurdlarında görüşərək onların qayıdış sevinclərini bölüşdü. Azərbaycanın dostlarına sevinc bəxş edən, düşmənlərinə göz dağı olan bu görüş zamanı Qalib Lider İlham Əliyev həm də Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı, vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar”.
Prezidentin çıxışı zamanı toxunduğu məsələlər çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı xalqımızı çox sevindirir. Biz bütün dünyaya sübut etdik ki, müharibədə qətiyyətlə qalib gəldiyimiz kimi, dinc quruculuq və bərpa işlərini də layiqincə və sürətli şəkildə həyata keçiririk. Elə mayın 10-da Şuşaya 20 ailənin köçürülməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı çıxışında qeyd etdiyi kimi, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Prezident vurğuladı ki, “bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır”. Dost ölkələrin müəyyən dəstəyinə baxmayaraq, Azərbaycanın təkbaşına reallaşdırdığı bu nəhəng işlər ölkəmizin dünyadakı nüfuzunu durmadan artırır.
Ölkə Prezidentinin Azərbaycan xalqının, igid oğullarının bu gün dillərə dastan olan qəhrəmanlığına və fədakarlığına da diqqət çəkməsi xüsusilə qiymətlidir. Azərbaycan əsgərinin Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi uğrunda sərgilədiyi qəhrəmanlığı sözlərlə ifadə etmək mümkün deyil. Təkcə Şuşada igid oğullarımızın keçilməz qayaları aşaraq düşmənə qan uddurması faktları kifayətdir ki, xalqımızın Vətən sevgisinin nə qədər güclü olduğunu sübut edək. Bu məqamda Prezident İlham Əliyevin Şuşadan bəyan etdiyi fikirləri də xatırlamaq yerinə düşər. “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik” deyən dövlət başçısının bildirdiyi kimi, bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruğa dönərək birləşmişdi.
Bəli, bu gün Şuşa tarixi qələbəmizin zirvəsidir və bu zirvədən Qalib Ali Baş Komandan İlham Əliyev Azərbaycanı təhdid edənlərə, imperialist güclərə, ermənidən çox ermənilik edənlərə və xüsusilə, Fransaya açıq mətnlə mesaj verərək bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 illik fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz.
Yəqin ki, bu ismarışdan hər kəs öz hesabını götürməli olacaq, çünki iqtisadi, hərbi və mənəvi cəhətdən Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Qarabağ problemini öz hünəri hesabına həll etdi. Üç ildən artıqdır ki, azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, çox nəhəng infrastruktur layihələr icra edilir, “ağıllı şəhər”, “ağıllı kənd”lər salınır, mərmilərin şırım açdığı torpaqlar əkilir, minalardan təmizlənən əkin yerlərinə toxum səpilir, bir sözlə, bu yerlərə şərəfli və ləyaqətli həyat qayıdır. Şuşada genişmiqyaslı quruculuq işlərinın həyata keçirilməsindən geniş bəhs edən ölkə başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı
