Azərbaycanla Belarusun dostluğu, qardaşlığı və strateji tərəfdaşlığı  geniş potensiala malikdir

Baş səhifə

Bu gün Azərbaycanın yürütdüyü praqmatik xarici siyasəti istər Avropa, istər ABŞ, istərsə də Çin və digər ölkələr ilə münasibətləri normal məcrada inkişaf edir. Cari ilin əvvəlindən Azərbaycan Prezidentinin xarici səfərlərinə, ölkəmizə səfərə gələn dövlət və hökumət başçılarının sayına, həmçinin qarşılıqlı əlaqələr haqqında imzalanan sənədlərə diqqət yetirsək, Azərbaycanın beynəlxalq aləmdəki yerinin və mövqeyinin uğurlu olduğunu görərik. 

Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki dövlət arasında mövcud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda dövlətlərarası münasibətlərin qarşılıqlı inama, etibara əsaslandığını xatırladaraq bu səfərin Azərbaycan-Belarus münasibətlərində daha geniş sahələri əhatə edəcəyini də, əlaqələrin şəbəkəsinin genişlənəcəyini də bildirərək dedi: “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

Məhz ikitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Sözsüz ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda quruculuq işlərinin dinamikasının yüksəldiləcəyini də bildirdi. Vurğulanıb ki, işğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır.

Həmçinin, qeyd olunub ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. Prezident Aleksandr Lukaşenko, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib. Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdi. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, daha sonra hər iki liderin digər azad edilmiş torpaqlara ziyarəti, tarixi Şuşa şəhərində bir sıra tədbirlər və açılışlara qatılması xalqımızın yaddaşında əbədi həkk olunacaq.

Bir sözlə, bu səfər Azərbaycan-Belarus münasibətlərinin inkişafı ilə bağlı atılmış addımların təhlili və qiymətləndirilməsi, eləcə də bundan sonra atılacaq addımların müəyyən edilməsi baxımından əlamətdardır. Dövlət başçılarının iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsindən razılığını ifadə etmələri də sevindirici haldır. Biz bir daha şahidi olduq ki, Azərbaycanla Belarusun dostluğu, qardaşlığı və strateji tərəfdaşlığı geniş potensiala malikdir.

 

Elçin Kazımov,

YAP Salyan rayon təşkilatının gənc YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir