Azərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə sirayət etdiyi göz qabağındadır.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun may ayının 16-da ölkəmizə dövlət səfəri də məhz iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
Qeyd edək ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına baxmayaraq Ermənistan–Azərbaycan münaqişəsində həmişə ölkəmizin ədalətli mövqeyini dəstəkləməkdən çəkinməyib. 44 günlük Vətən müharibəsinin gedişində Nikol Paşinyan KTMT-ni Azərbaycana qarşı “döyüşməyə” çağıranda Aleksandr Lukaşenko qəti surətdə buna qarşı çıxmışdı. 2022-ci ilin oktyabrında KTMT-nin növbədənkənar sessiyasında Ermənistan baş nazirinin haqsız ittiham və iddiaları qarşısında onun Azərbaycanı necə müdafiə etdiyini yaxşı xatırlayırıq. Yəni Prezident cənab İlham Əliyevin Belarus liderini ölkəmizin böyük dostu adlandırması heç də təsadüfi deyil. Ötən gün A.Lukaşenkonun Qarabağa – Füzuli və Şuşaya səfər etməsi bu dostluğun bir daha təsdiqi sayılmalıdır. Onun bu addımı təkcə Ermənistana deyil, eyni zamanda, bütün dünyaya verilən açıq mesajdır.
Belarus və Azərbaycanın istər regional, istərsə də beynəlxalq platformalarda sıx əməkdaşlıq ənənəsi var. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev çətin sosial və iqtisadi situasiya ilə üzləşən Belarusa maliyyə yardımı göstərib. Bir sözlə, son 30 ildə iki ölkə arasındakı münasibətlər liderlərin etibarlı dostluğu fonunda yalnız müsbət məcrada inkişaf edib. Təməlində qarşılıqlı etimadın və dostluğun dayandığı siyasi dialoq bu gün özünün ən yüksək nöqtəsinə çatıb. Azərbaycan–Belarus iqtisadi əməkdaşlığının böyük potensialından xəbər verən fakt: son illər postsovet məkanında Rusiya və Qazaxıstanla yanaşı, Belarus ölkəmizin ilk üçlüyündə yer alan ən böyük ticarət tərəfdaşıdır.
Azərbaycanı dəstəkləyən dost və qardaş ölkələr – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğısızıstan, Türkmənistan, Pakistan kimi, Belarus da işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında iştirak edə bilər. Bu təklifi Bakıda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun diqqətinə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev yaxın gələcəkdə ikitərəfli münasibətlərin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyinə əmin olduğunu söylədi: “Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”.
Belarus şirkətlərini Qarabağda bərpa-quruculuq işlərinə fəal qoşulmağa dəvət edən dövlətimizin başçısı Minskin çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin inşası üzrə təcrübəsinin olduğunu deyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko öz növbəsində Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib. “Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, – deyən A.Lukaşenko bu işin çox vaxt, böyük əmək tələb edəcəyini və Belarusun bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb.
Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri, bu ərazilərin bərpasında Belarus Respublikasının da iştirak etmək istəyi məmnunluq doğurur. Bu gün Cənubi Qafqaz ölkəsi Azərbaycan Belarus ilə ən mühüm tərəfdaşlardan biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir.
Emin Ağayev,
YAP Salyan rayon təşkilatının gənc fəalı
