Azərbaycan – Tacikistan dostluğu sınaqlardan çıxmış etibarlı dostluqdur

Baş səhifə

 Azərbaycanın bugünkü möhtəşəm uğurlarının təməli ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışının ilk illərində qoyulmuşdu. Ümummilli liderin siyasi müdrikliyi sayəsində ölkəmizin dostları qısa müddətdə çoxalmış, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqmətində heyrətamiz addımlar atılmışdı. Ulu öndər ölkəmizin yaxın qonşuları, türk dövlətləri, İslam dünyası, eləcə də, postsovet məkanı ölkələri ilə əlaqələrin bərpa edilməsi və əməkdaşlığın yaradılmasına müstəsna əhəmiyyət verirdi. 

Heydər Əliyev 1996-cı ilin oktyabrında Daşkənddə Əmir Teymurun 660 illik yubileyində iştirak etmək məqsədi ilə Tacikistana səfər etmiş və Prezident Emoməli Rəhmonla görüşmüşdü. Hər iki prezident yeni müstəqillik qazanmış respublikalarımızın keçid dövründə qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın çox vacib olduğunu vurğulamışdı. Tacikistan Prezidenti həmin görüşdə ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyini bəyan etmiş və öz ölkəsindəki vəziyyət barədə Heydər Əliyevə ətraflı məlumat vermişdi. Məlumdur ki, həmin dövrdə Heydər Əliyev ölkədəki vətəndaş müharibəsinin qarşısını alsa da, Tacikistanda vətəndaş müharibəsi təhlükəsi hələ davam edirdi. Ulu öndərin nüfuzu sayəsində Tacikistandakı vətəndaş müharibəsinin qarşısı alindı.

2023-cü ildə Tacikistan Prezidenti bizim ulu öndərimiz haqqında danışarkən artıq Prezident İlham Əliyevin də ölkəsində, regionda və dünyada qazandığı nüfuzu xatırlatmışdı: “Tacikistanda Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət bəsləyiblər. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Eləcə də, iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsində onun rolu danılmazdır. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfərində əldə edilən nəticələr bir daha sübut edir ki, iki xalq ortaq tarixə, dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xoş münasibətə sadiqdir. Əminəm ki, bu səfər zamanı əldə edilən razılıqlar iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını qoyacaq. İki ölkə arasındakı münasibətlər ardıcıl, müştərək addımlar nəticəsində artan xətlə inkişaf edəcək. Bu da iki xalqın xeyrinə davam edəcək”.

Tacikistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bakı ilə Düşənbə arasındakı diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. Yəni, Tacikistan Prezidentinin Bakı səfəri diplomatik əlaqələrimizin 32-ci ildönümü günlərinə təsadüf edir. O da vurğulanmalıdır ki, Tacikistan dövləti artıq tarixin arxivinə göndərilmiş keçmiş münaqişənin davam etdiyi bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləmiş, bizim Zəfərimizlə nəticələnən İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqları alqışlamış və xalqımızın sevincinə şərik olmuşdur. Məhz bütün bunlara görə Azərbaycan Prezidenti Tacikistan dövlətinə güvənmiş, inanmış və həmin ölkəyə 6 dəfə səfər etmişdir.

Prezident İlham Əliyevin xatırlatdığı kimi, Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, hümanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin elektron resurslarında göstərilir ki, ölkələrimiz arasında, ümumilikdə, 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Sözsüz ki, cənab Prezidentin ötən il aprelin 5-də Tacikistana dövlət səfəri bu inkişafın və ölkələrimiz arasında əlaqələrin daha da yüksəlişinə güclü təkan vermişdir.

Prezident İlham Əliyev ötən ilin aprelində Tacikistanda dövlət səfərində olmasına baxmayaraq, Emoməli Rəhmonun şəxsi dəvəti ilə həmin ilin sentyabrında da Düşənbəyə getmişdi. Bu fakt ona görə bizim üçün əlamətdardır ki, ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə bu şəhərə gedən İlham Əliyev tədbirdə iştirak edən yeganə fəxri qonaq – Mərkəzi Asiya dövlətlərini təmsil etməyən siyasətçi idi. O da xüsusilə vurğulanmalıdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmon da ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Yəni, qarşılıqlı səfərlər, müntəzəm təmaslar və əlaqələrin sıxlaşdırılması hər iki ölkənin maraqlarını təmin edir və öz müsbət nəticələrini göstərir.

Azərbaycanla Tacikistan arasındakı münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eləcə də, Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində – mayın 20-də Bakıda Azərbaycan – Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıqlar müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

   Nərgiz Cavadova,

Salyan rayon Boranıkənd kənd ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir