Azərbaycan bu gün qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyada böyük səy nümayiş etdirir

Baş səhifə

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur.

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə enerji təhlükəsizliyi ən əhəmiyyətli məsələlər sırasında  dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl olunmasının vacibliyi dünya ölkələrini bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan,  qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirir.

Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı Ümummilli Lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici faktora çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafını və iqtisadi təhlükəsizliyini təmin edir.

Son illərə qədər yalnız neft-qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyada böyük səy nümayiş etdirir. Ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunmasında neft və qaz təchizatı əsas amil kimi çıxış etsə də, bu gün “yaşıl enerji”yə transformasiya prioritetdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur əraziləri nəhəng hidroelektrik potensialına malikdir. Postmüharibə dövründə həmin ərazilərdə artıq 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib və yaxın gələcəkdə bu rəqəmin 500 meqavata çatdırılması nəzərdə tutulur. Bərpaolunan enerjinin həcminin 1 qiqavata çatdırılması isə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri bu gün yeni mərhələyə yüksəlib. “Yaşıl enerji”yə keçid istiqamətində birgə fəaliyyət ölkəmizdə qeyri-neft sahəsində əlaqələrin şaxələnməsində böyük əhəmiyyət kəsb edir. O cümlədən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə günəş elektrik stansiyası, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası 2030-cu ilə qədər ölkəmizin enerji sistemində bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasında mühüm rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərin 2050-ci ildə sıfır tullantılı zonaya çevrilməsi nəzərdə tutulur.

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlarından danışarkən hər il ölkəmizdə keçirilən Bakı Enerji Həftəsini xüsusi qeyd etmək olar. Bildirək ki, cari il iyun ayının 4-də öz işinə başlayan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı və qloballaşan dünyanın enerji məsələləri ilə bağlı maraqlı olduğu bir sıra məsələlərə aydınlıq gətirməsi bu tədbirin yüksək statusunu təsdiqləyir. Rəsmi açılış mərasimində çıxışı zamanı ölkəmizin bərpa olunan enerji sahəsində sürətli inkişafına diqqət çəkən dövlətimizin başçısı deyib: “Ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir. Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpa olunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”.

Göründüyü kimi, Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpaolunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də məhz bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsidir. Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını  ehtiva edir  və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur. Bu gün Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi, enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub.

 

Ülviyyə Ağalarova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir