İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Cəmiyyət

Davos Forumu son dərəcə uğurlu, inteqrasiya çağırışlarının fövqündə dayanan qlobal iqtisadi dialoq platformasıdır və mümkün risklərin fonunda insanlığın iqtisadi rifahının qorunmasına xidmət edir. Beynəlxalq münasibətlər sistemində ciddi qəbul olunan, siyasi liderləri, iş adamlarını və vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirən Davos Forumu mühüm müzakirələr meydanı, qlobal böhranların çözülməsinin aktual tribunasıdır. Ölkəmizin Davos Forumunda təmsil olunması, Prezident İlham Əliyevin dünya liderləri, aparıcı şirkət rəhbərləri ilə görüşü həm də onun təsdiqidir ki, Azərbaycanın qlobal siyasətdə rolu və mövqeyi əvəzsizdir. Öz iqtisadi qüdrətini təmin edən Azərbaycana dünyanın marağı böyükdür və Davosda ölkəmizin başçısının keçirdiyi bütün görüşlərdə bu, açıq şəkildə görünürdü.

Prezident İlham Əliyevin bir müddət öncə İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Davosda CGTN telekanalına müsahibəsi mühüm məqamlarla yadda qalıb. Dövlətimizin başçısı ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin anonsunu verib, həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub. Ölkəmizin reallıqlarını bəyan edən dövlətimizin başçısı qeyd edib ki, ötən il Bakıda uğurla keçirilən və 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək böyük nailiyyət idi və namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənib. Bununla yanaşı, Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident ölkələrimizin rəsmi olaraq strateji tərəfdaş olduğunu, Çin ilə əməkdaşlığın genişləndirilməsini arzuladığını ifadə edib.

Müsahibədə Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir.

Prezident İlham Əliyev müsahibəsində daha vacib məqama, Birləşmiş Ştatlarla ölkəmizin əlaqələrindən danışaraq Prezident Donald Trampın dövründə ABŞ-la münasibətlərinin son dörd ildən fərqli olaraq çox uğurlu olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin Co Bayden administrasiyasının ədalətsiz və vicdansız yanaşması səbəbindən pisləşdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-la gələcək münasibətlərin daha məhsuldar vəziyyətə qayıda biləcəyinə nikbinliyini ifadə etdi. Bundan başqa, Azərbaycan Prezidenti ABŞ-da hakimiyyət dəyişikliyinin qlobal təhlükəsizliyin yaxşılaşmasına gətirib çıxara biləcəyi fikrini bildirdi, çünki Trampın prezidentliyinin ilk illərində ABŞ yeni müharibələrə başlamadı və bu, son onilliklərdə bu ölkənin tarixində nadir hadisədir.

Sözügedən müsahibədə ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyən fikirlər hər birimiz üçün qürurvericidir. Jurnalist qeyd etdi ki,  Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Həmçinin qlobal İqlim sammitinə ev sahibliyi etdi. Bu siyahını davam etdirmək olar. Prezident İlham Əliyev jurnalistin bu təqdimatının davamı olaraq bildirdi ki, hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Bundan əvvəl Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il  uğurla sədrlik etdi. Bu, onu göstərir ki,  dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Bir sözlə, dövlətimizin başçısının sözügedən  müsahibəsi bir daha Azərbaycanın mövqeyinin təqdimatı oldu. Prezident İlham Əliyev vurğuladı ki, mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə, dominantlıq, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Azərbaycan  özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq oldu. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar, bunların hamısı Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Nəbi İbrahimov,

Azərbaycan Yazıçılar Birliyinin Muğan-Salyan Regional Bölməsinin sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir