Çoxəsrlik tariximizin qəhrəmanlıq dolu səhifələri ilə yanaşı, faciəli məqamları da var. Bu səhifələrin daim vərəqlənməsi, nəsildən-nəslə çatdırılması bütün dövrlər üçün əsas çağırışlardan biridir. Tariximizi vərəqləsək görərik ki, xalqımız tarixin müxtəlif dövrlərində erməni qəddarlığını yaşayıb, onlar tərəfindən törədilən çoxsaylı müsibətlərin qurbanına çevrilib. Belə müsibətlərdən birinin- bəşər tarixinin az rast gəlinən dəhşətli cinayətlərindən hesab olunan ermənilərin Xocalıda törətdikləri faciədən 33 il ötür.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycan dövləti bu dəhşətli faciənin soyqırımı kimi dünya ictimaiyyətinə tanıdılması istiqamətində mühüm addımlar atır və nəticələr göz qabağındadır.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli hadisənin əsl mahiyyəti xalqın dərdinə yanan, onun ağrılarını hiss edən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu amasız qətliam barədə demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva dünyanın hər yerində aparılan “Xocalıya ədalət” kampaniyasını böyük əzmklarlıqla davam etdirir. Bu kampaniya özündə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması kimi vacib məqsədləri daşıyır.
Hər birimiz üçün qürurverici haldır ki, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından qürurla bəhs edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin 7 fevral tarixində prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Artıq beş ildir ki, xalq olaraq Xocalı faciəsini, qətlə yetirilən insanların əziz xatirəsini yeni dövrdə, fərqli hisslərlə yad edirik. Köksümüzdəki yaraların üstü qübar edir, nigaran ürəklərimizə bir toxtaxlıq duyğusu hakimdir. Ölümün gözünə dik baxan qəhrəman oğullarımızın şücaəti, hər birinin bir dastana sığmayan igidliyi, cəsarəti, vətənpərvərliyi sabaha olan böyük ümidlərimizə işıq tutur. Qüdrətli dövlətimiz öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın həyatlarında yeni mərhələnin başlanmasına, onların yenidən öz doğma ocaqlarına qovuşmalarına, yaralarını sarmalarına imkan yaradır. Əminik ki, sabahımız dünənimizdən daha firavan, daha gözəl olacaq.
Zaman bizi o qanlı tarixdən uzaqlaşdırdıqca o günün ruhumuzdakı ağırlığı və dəhşətini təkrarən daha dərindən hiss edirik, anlayırıq, görürük. Faciənin yaralarının göynəməsi hələ də canımızda, qəlbimizdə, beynimizdədir. Xalq olaraq Xocalının dəhşətini əsla unutmayacağıq.
İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
