“Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur”.
Oxu.Az xəbər verir ki, bunu “Qaynarinfo”ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb:
“Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib. Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qətimkanı tədbiri seçiləcək”.
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib:
“Uşağı üç ildir saxlayan dayə bizə zəng edib bildirdi ki, 2024-cü ilin dekabrında anası uşağı bir neçə günlük aparıb. Ondan sonra uşağı dayənin yanına gətirməyib və hər dəfə telefon açıb, uşağa verdiyi işgəncələri göstərib, yaxud da faktla bağlı videolar göndərib. Dayə yalvarıb ki, belə etmə, uşaq yazıqdır, ver mən baxım. Lakin onu eşitməyib. Ana deyib ki, “uşağın məni eşitməməsinə səbəbkar sizlərsiniz”. Üç gün bundan əvvəl ana dayəyə zəng edərək deyib ki, uşaq sözümə baxmadığına görə, onu kəmərlə döydüm. Onu soyuq havada uşağı küçəyə atıb”.


Sədr bütün bunlardan sonra həmin görüntüləri hüquq-mühafizə orqanlarına göndərib:
“Qadın gizlənirdi. Axır ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində ananın Suraxanı rayonu ərazisində olduğu aşkarlanıb. “Mələk üçün susma” kampaniyası başlatmışıq. Düşünürəm ki, uşaqların müdafiəsi bir quruma şamil olunmalıdır”.
Qeyd edək ki, Bakıda ana azyaşlı övladına ağır işgəncələr verib və onu videoya çəkib. Ana sonra həmin videoları uşağın dayəsinə göndərib.
12:41
“Sosial şəbəkələrdə azyaşlının xəsarətlərinin əks olunduğu görüntülər polis tərəfindən araşdırılıb. Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub”.
Bu barədə Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin “əzab vermə” maddəsi ilə cinayət işi başlanılıb:
“Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır”.
Aygün Mirakif
11:42
Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.
“Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə o, azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.
