Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı hər iki ölkənin milli maraqlarına xidmət edir

Cəmiyyət

Azərbaycan beynəlxalq aləmdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi tanınmaqla yanaşı, həm də Cənubi Qafqazda söz sahibidir. Bu gün qlobal dünyada geosiyasi dinamikanın dəyişdiyi, müharibə və münaqişələrin baş verdiyi bir məqamda regional münasibətlərdə inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olmasını prioritet hesab edir. Müstəqil siyasət yürüdən dövlətimiz hədəflərini öz gücü, potensialı hesabına müəyyənləşdirərək gələcəyə doğru inamla addımlayır. Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır.

Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişaf mərhələsindədir. İki dövlət arasında zamanla qurulan əlaqələr dostluq münasibətlərinə əsaslanıb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini məhz Azərbaycana etməsi strateji əlaqələrin gücləndiyini təsdiqləyir. Bu səfər, həmçinin Gürcüstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi rolunu da gündəmə gətirir. Qonşu dövlət dəfələrlə bəyan edib ki, regionda sabitlik və əməkdaşlıq ölkənin maraqlarına cavab verir. Çünki Cənubi Qafqazın sabitliyi bundan çox asılıdır. Hər iki ölkənin birgə fəaliyyəti regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edir.

Bu gün Azərbaycan və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı ölkələr üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Azərbaycan və Gürcüstan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bütün bunlar isə iqtisadi cəhətdən güclü Cənubi Qafqaz regionun sabitliyinə xidmət edir.

Qeyd edək ki, iki ölkə arasındakı əlaqələr tarixin sınağından keçib. Ən çətin dövrlərdə biz bir-birimizə dəstək vermişik. 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş beşgünlük müharibə dövründə Azərbaycan özünün Qərb qapılarını qonşu ölkənin üzünə açdı və ölkəmizə pənah gətirən müharibədən əziyyət çəkən insanlara sığınacaq verdik. Şanlı 44 günlük Vətən müharibəsində də Gürcüstan Azərbaycanın yanında dayandı. Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı, İrəvana edilən yardımlar ölkədən buraxılmadı. Ölkələrimiz arasında iqtisadi, humanitar, mədəni əlaqələr də güclü inkişaf edib. Yüz minlərlə soydaşımızın yaşadığı Gürcüstan tarixən azərbaycanlıların tez-tez səfər etdiyi doğma diyardır. Avropaya açılan qapımız hesab edilən Gürcüstan bu gün də bizim üçün strateji əhəmiyyətə malik ölkə hesab olunur. Azərbaycanın bütün regional layihələri məhz Gürcüstan üzərindən keçir.

Azərbaycan və Gürcüstan rəsmiləri mütəmadi olaraq qarşılıqlı səfərlər edirlər. Bu səfərlər təkcə protokol xarakterli deyil, real əməkdaşlıq gündəliyi ilə müşayiət olunur. İki ölkə, həmçinin BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməklə ortaq maraqları müdafiə edir. Bu, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda strateji həmrəyliyin ifadəsidir. Prezident İlham Əliyevin iki il əvvəl Gürcüstana səfəri zamanı verdiyi təklif də dostluq münasibətlərinin gücünü göstərir. Dövlət başçısı həmin səfər çərçivəsində Azərbaycan-Ermənistan sülh danışıqlarının Gürcüstan ərazisində keçirilməsinin mümkünlüyünü irəli sürmüşdü. Gürcüstan bu təklifi dəstəklədi və bu da onu göstərir ki, Tbilisi sülh və əməkdaşlıq naminə konstruktiv təşəbbüslərə açıqdır. Bundan əlavə, İkinci Qarabağ müharibəsindən sonra mina xəritələrinin Azərbaycana təqdim olunması prosesində də Gürcüstanın vasitəçi rolu diqqətəlayiqdir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin bir hissəsi məhz Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan tərəfinə çatdırılmışdır.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı hər iki ölkənin milli maraqlarına xidmət edir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə birgə verdikləri bəyanatda bir fikir xüsusi olaraq vurğulandı: iki dost və strateji tərəfdaş ölkə kimi Azərbaycanla Gürcüstanın münasibətləri daha da möhkəmlənəcək və regionda davamlı sülhə, sabitliyə yol açacaq.

Şükran Hüseynov,

Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin psixoloqu, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir