Ana dilimiz milli sərvətimizdir

Baş səhifə

Ulu öndər Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyiillərində milli maraqlarımızın və milli-mənəvi dəyərlərimizin, tariximizin, adət-ənənələrimizin, ana dilimizin qorunub saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışıb. Məhz bu amal Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi olub. Ulu öndərin Azərbaycana sonsuz məhəbbəti, yüksək vətənpərvərliyi, azərbaycançılıq məfkurəsi onun bütün fəaliyyəti boyu öz təsdiqini tapıb.

Ulu Öndər Ana dilimizə münasibəti və rəğbəti isə xüsusilə seçilib və hər bir azərbaycanlı üçün əsl örnək olub. Bu səbəbdən, Ümummilli Lider hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Dahi sərkərdə vurğulayırdı ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz, fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Ulu öndər yaxşı bilirdi ki, xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində ana dilinin əvəzsiz rolu vardır. Eləcə də, dünyanı fəth edən ədəbiyyatımızın yaranması və inkişafı da bilavasitə dilimizlə bağlıdır. Məlumdur ki, sovetlər dönəmində rus dili hakim idi, bütün rəsmi tədbirlərdə rus dilində danışılırdı və bu, bir ənənə halını almışdı. Sovet ittifaqına daxil olan respublikaların rəhbərləri arasında bu stereotipi sındıran ilk şəxs Heydər Əliyev oldu. Ulu öndər 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində böyük cəsarət göstərərək öz ana dilində – Azərbaycan dilində çıxış etdi. Onun bu qətiyyətli addımı xalqda milli ruhu oyatdı. Ulu öndər bununla xalqının kimliyini ortaya qoymuş oldu.

1970-ci illərin ortalarından SSRİ rəhbərliyi ittifaqa daxil olan respublikaların milli dil məsələsinə ehtiyatla yanaşır, bunu sıxışdırıb aradan çıxarmağa çalışırdılar. Hətta elə bir şərait yaranmışdı ki, respublika rəhbərləri bu məsələyə toxunmağa belə qorxurdular. Məhz həmin dönəmdə ulu öndər cəsarətlə öz mövqeyini bildirdi. Belə ki, 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə verdi. Ümumxalq müzakirəsindən sonra – 1978-ci ildə  Azərbaycan SSR-in Konstitusiyası qəbul edildi. Burada məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və gərgin mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa öz əksini tapdı. Beləliklə, Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” kimi qeyd olundu. Həmin vaxt bu, SSRİ rəhbərliyində etiraza səbəb oldu və bildirildi ki, digər respublikalarda belə bir şey yoxdur. Amma Heydər Əliyev Moskvanın qarşısında qətiyyətlə dayanaraq Azərbaycan dilinə dövlət dili statusu qazandırdı. Bu addım Heydər Əliyevin xalqımız, dövlətimiz, Vətənimiz qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bununla ulu öndər milli varlığımızı təmin etmiş oldu.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, – deyən Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır və dilimizin bundan sonra da qorunması və inkişaf etdirilməsi sahəsində işlərin davam etdiriləcəyinə əminlik yaradır.

 

Rəfiqə Ağabəyova,

Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru

, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir