Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir

Baş səhifə Xüsusi Xəbər

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühüm məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir.

Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası, öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfərini iki ölkə arasında bir müddət davam edən soyuq münasibətlərə son qoyulması kimi qiymətləndirmək olar. Səfər çərçivəsində iki dövlət başçısının məhdud və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib, prezidentlərin Birgə Bəyanatı imzalanıb. Ölkəmizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır: “Son illər ərzində ölkələr arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Bu sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir. Həmçinin, bu sənədlər Azərbaycanın və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir”.

Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regional əməkdaşlığın yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir.

Sitarə Təhməzova

Salyan rayonu Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir