Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan–Vyetnam əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi

Baş səhifə

Son illər beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələr daha çox əhəmiyyət qazanır. Bu xüsusda, dövlət başçılarının həyata keçirdikləri qarşılıqlı səfərlər təkcə diplomatik jest deyil, həm də strateji əməkdaşlıq niyyətinin açıq təzahürüdür. Azərbaycan ilə Vyetnam arasında son dövrlərdə müşahidə edilən diplomatik fəallıq, xüsusilə də yüksək səviyyəli səfərlər, bu iki dost ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

2025-ci ilin may ayında Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri münasibətlərin tarixində yeni səhifə açıb, əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticari, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya dialoq və birgə təşəbbüslərin reallaşdırılmasında mühüm platformadır.

Vyetnamın dövlət başçısı To Lamın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər və müzakirə olunan məsələlər, iki ölkə arasında münasibətlərin yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə yeni impuls aldığını göstərdi. Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, Azərbaycanla Vyetnam arasında tarixən mehriban dostluq münasibətləri mövcuddur və bu əlaqələrin möhkəmləndirilməsi üçün dövlətlərarası səfərlər mühüm rol oynayır. Prezident To Lam da öz növbəsində Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş kimi qiymətləndirdi və ikitərəfli münasibətlərin inkişafında yüksək siyasi iradənin mövcud olduğunu vurğuladı.

Səfər çərçivəsində tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində konkret addımların atılması razılaşdırıldı. Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrində və xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesində Vyetnam şirkətlərinin iştirakı tövsiyə olundu. Bu, həm iqtisadi, həm də strateji tərəfdaşlıq baxımından əhəmiyyətli addımdır.

Bundan əlavə, iki ölkə arasında birgə ticarət palatasının yaradılması, birbaşa biznes forumların keçirilməsi və investisiya təşviqi sahəsində əməkdaşlıq barədə razılıq əldə edildi. Enerji, kənd təsərrüfatı və nəqliyyat-logistika kimi sahələr perspektivli əməkdaşlıq istiqamətləri kimi qeyd olundu.

Azərbaycan və Vyetnam arasında əlaqələrin mühüm istiqamətlərindən biri də təhsil sahəsində əməkdaşlıqdır. Sovet dövründən etibarən yüzlərlə vyetnamlı mütəxəssis Azərbaycan ali məktəblərində təhsil alıb və bu ənənənin davam etdirilməsi üçün yeni mexanizmlər hazırlanır. Neft-qaz sənayesi, informasiya texnologiyaları, mühəndislik və ekologiya sahələrində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı tələbə mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur.

Dövlət başçılarının səfərləri yalnız siyasi və iqtisadi münasibətlərə deyil, həm də xalqlar arasında mədəni yaxınlaşmaya xidmət edir. Bu mənada, səfər zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, incəsənət sərgiləri, musiqi qruplarının səfərləri və folklor layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Bu təşəbbüslər xalqlar arasında dostluğun və anlaşmanın möhkəmləndirilməsinə, həmçinin ikitərəfli münasibətlərin sosial təməlinin güclənməsinə zəmin yaradacaq. Həmçinin, Vyetnam tərəfi Azərbaycanı Cənub-Şərqi Asiya regionuna çıxış üçün strateji tərəfdaş kimi qiymətləndirərkən, Azərbaycan da Vyetnamı Asiya-Sakit okean bölgəsində etibarlı və inkişaf yönümlü tərəfdaş kimi dəyərləndirir.

Bir sözlə, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan–Vyetnam münasibətlərinin dərinləşməsi və şaxələndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, bu əməkdaşlığın strateji əsaslara söykəndiyini də göstərir. Bu səfərlər yalnız bugünkü gündə deyil, gələcək illərdə də ikitərəfli münasibətlərə istiqamət verəcək, yeni sahələr üzrə ortaq layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Beləliklə, Baş Katib To Lamın Azərbaycana səfəri, Azərbaycan–Vyetnam əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, dünya miqyasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması baxımından da nümunəvi model təqdim edir.

Nərmin Şükürova,

Qida Təhlükəsizliyi Agentliyi Salyan Regional bölməsinin sektor müdiri, YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir