Bərpa olunan enerji ehtiyatlarına malik ölkələr bu gün yalnız enerji deyil, həm də təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji rifah baxımından gələcəyin xəritəsini tərtib edirlər. Azərbaycan da bu sahədə özünəməxsus imkanlara və strateji üstünlüklərə malik ölkə olaraq regionda aparıcı mövqe tutur. Coğrafi mövqeyimiz, iqlim şəraitimiz, texnoloji potensialımız və dövlət siyasətinin ardıcıllığı ölkəmizi yaşıl enerji sahəsində nümunəvi bir mərkəzə çevirir.
Bu gün müxtəlif regionlarımızda – Xəzəryanı zonalarda, dağlıq ərazilərdə və işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində külək, günəş, hidro və bioenerji istehsalı üçün geniş imkanlar mövcuddur. Bu resurslar təkcə daxili tələbatı ödəməklə kifayətlənmir, həm də regional və qlobal enerji bazarlarına çıxış baxımından ciddi üstünlük yaradır.
Azərbaycanın günəş enerjisi ehtiyatları artıq bir sıra layihələrlə iqtisadi realizə mərhələsinə daxil olub. Eyni zamanda Xəzərdən əsən sabit küləklər dənizdə və sahilyanı ərazilərdə külək enerjisi sahəsində genişmiqyaslı layihələrin əsasını qoyur. Hidro və bioenerji sahələrində də real imkanlar və perspektivlər mövcuddur. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji zonası elan edilməsi isə bu strategiyanın praktiki və simvolik ifadəsinə çevrilib.
Qeyd edək ki, Azərbaycanın enerji siyasəti və strateji xətti öz başlanğıcını Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasından götürür. Hələ 1990-cı illərin sonlarında Heydər Əliyev bərpaolunan enerji mənbələrinin öyrənilməsinin və inkişaf etdirilməsinin vacibliyini gündəmə gətirmiş, bu sahədə ilkin araşdırmaların aparılması üçün siyasi iradə ortaya qoymuşdu. Onun rəhbərliyi ilə yaradılan enerji təhlükəsizliyi konsepsiyası yalnız neft və qaz üzərində deyil, gələcək dövrlərdə alternativ enerji mənbələrinə əsaslanan sabit və çevik enerji sisteminin formalaşdırılmasını da nəzərdə tuturdu.
Bu strateji baxış bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün çağırışlarına uyğun yeni məzmunla zənginləşdirilir. Cənab Prezidentin rəhbərliyi ilə yaşıl enerji sahəsində aparılan islahatlar, reallaşdırılan layihələr və beynəlxalq əməkdaşlıq platformaları Azərbaycanın qlobal enerji gündəmində ön sıralarda yer almasını təmin edib.
İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji strategiyasını bir daha aydın şəkildə ortaya qoydu. “Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır”, – deyə dövlət başçısı bəyan etdi. Bu sözlər təkcə konseptual yanaşma deyil, həm də praktik fəaliyyətin göstəricisidir.
Prezident qeyd etdi ki, artıq dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq formatları qurulub və konkret layihələr həyata keçirilir. Günəş və külək enerjisi sahəsində yaradılan istehsal gücləri, yeni ötürücü xətlərin qurulması və “yaşıl enerji dəhlizi” layihəsi Azərbaycanın beynəlxalq bazarlara çıxışını əhəmiyyətli dərəcədə artıracaq. Dövlət başçısı vurğuladı ki, bu layihələr eyni zamanda sosial-iqtisadi inkişaf, məşğulluq və regional canlanma baxımından da vacib rol oynayır.
Bərpaolunan enerji sektorunun inkişafı Azərbaycan iqtisadiyyatına çoxşaxəli faydalar gətirir. İlk növbədə, bu sahə neft və qaz sektorundan asılılığı azaltmaqla iqtisadi şaxələndirməyə töhfə verir, qeyri-neft sahələrinin inkişafını stimullaşdırır və ölkənin iqtisadi dayanıqlığını gücləndirir. Eyni zamanda, şəffaf idarəetmə və hüquqi sabitlik sayəsində xarici sərmayələrin cəlb olunması asanlaşır, bu isə Azərbaycanın yaşıl enerji sahəsində cəlbedici investisiya məkanı kimi mövqeyini möhkəmləndirir. Bərpaolunan enerji layihələri təkcə enerji istehsalını deyil, həm də texnologiya transferini, eləcə də ixtisaslı kadrların hazırlanmasını və bilik mübadiləsini də təşviq edir. Bundan əlavə, daxili enerji tələbatının qarşılanması ilə yanaşı, yaşıl enerji ixracı ölkənin enerji təhlükəsizliyini təmin edir və onun regional və qlobal səviyyədə geosiyasi əhəmiyyətini artırır. Bu amillər bir araya gələrək Azərbaycanın davamlı və çevik enerji iqtisadiyyatının formalaşmasına xidmət edir.
Azərbaycanın yaşıl enerji gündəliyi yalnız iqtisadi və texnoloji bir məsələ deyil, həm də ekoloji və sosial məsuliyyət daşıyan strateji yanaşmadır. Ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və gələcək nəsillərə yaşana bilən təmiz mühitin ötürülməsi bu siyasətin əsas prioritetlərindəndir.
Hazırda həyata keçirilən layihələr və qanunvericilik bazasında aparılan islahatlar nəticəsində yaşıl enerji sektoruna sərmayələr asanlaşmış, idarəetmə mexanizmləri təkmilləşmiş və innovasiyalara yol açılmışdır. Bütün bunlar Azərbaycanın qlobal yaşıl enerji zəncirində mühüm və etibarlı tərəfdaşa çevrilməsini təmin edir.
Azərbaycan bu gün artıq sadəcə enerji istehsalçısı və ixracatçısı deyil, həm də dünyada yaşıl enerjiyə keçidin fəal təşəbbüskarı və qlobal enerji transformasiyasının strateji iştirakçısıdır. Bu mövqeyin əsasını isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyətli liderliyi təşkil edir. Yaşıl enerji – bu gün Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsi, sosial rifahın təmin olunması və ekoloji məsuliyyətin həyata keçirilməsi üçün əsas istiqamətlərdən biridir. Bu enerji modeli gələcəyin Azərbaycanını formalaşdıran aparıcı qüvvəyə çevrilməkdədir.
Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini
