Zəfərdən Müttəfiqliyə Uzanan Yol

Cəmiyyət

Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız dostluq və qardaşlıq prinsiplərinə deyil, eyni zamanda ortaq tarixi, mədəni irsə, dəyərlərə və strateji maraqlara əsaslanır. Bu əlaqələr zamanla daha da dərinləşərək, xüsusilə son illərdə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin rəsmi hüquqi çərçivəyə salınmasının ən bariz nümunəsi isə 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sənədin imzalanmasını tarixi hadisə kimi dəyərləndirmiş və demişdir: “Bu gün imzalanmış Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırır. Bu sənədin adı da hər şeyi deyir – Müttəfiqlik münasibətləri haqqında Bəyannamə.”

Şuşa Bəyannaməsi yalnız diplomatik və iqtisadi məsələləri deyil, ilk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əsas hədəf kimi müəyyən edir. Bəyannamədə yer alan əsas müddəalardan biri, tərəflər arasında hərbi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı hərbi yardımın təmin olunmasıdır ki, bu da Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı hesab olunur. Prezident İlham Əliyev Bəyannamənin müdafiə aspektinə xüsusi önəm verərək qeyd etmişdir: “Bu Bəyannamə bizim gələcək əməkdaşlığımız üçün yol xəritəsidir. Burada bir çox məsələlər, o cümlədən müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri öz əksini tapmışdır.”

Bəyannamədə əks olunmuş müdafiə əməkdaşlığı, iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşlığın qurulmasına xidmət edir. Bu əməkdaşlıq çərçivəsində birgə hərbi təlimlərin təşkili, müdafiə sənayesində texnoloji mübadilə və ortaq istehsal layihələrinin həyata keçirilməsi, kəşfiyyat məlumatlarının paylaşılması, eləcə də təhlükəsizlik və regional sabitlik məsələlərində koordinasiyalı fəaliyyət kimi istiqamətlər nəzərdə tutulur.

Bu əməkdaşlıq yalnız iki ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün birgə məsuliyyət daşıyır və Şuşa Bəyannaməsi bu istiqamətdə hüquqi zəmin formalaşdırır.

Şuşa Bəyannaməsində yer alan qarşılıqlı hərbi yardım müddəası, əgər tərəflərdən biri üçün təhlükə və ya təcavüz riski yaranarsa, digər tərəfin bu təhdidə cavab verəcəyi öhdəliyini ehtiva edir. Bu, Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir, çünki regionda davam edən geosiyasi gərginliklər və bəzi revanşist qüvvələrin iddiaları fonunda belə bir hüquqi müttəfiq dəstəyi milli təhlükəsizlik üçün mühüm təminat rolunu oynayır. Prezident İlham Əliyev bu barədə bildirmişdir: “Bizim qarşılıqlı fəaliyyətimiz hərbi sahədə, hərbi texniki sahədə, birgə təlimlərin keçirilməsi sahəsində artıq uzun illərdir ki, davam edir. Bu gün isə biz bunu rəsmi sənədlə təsdiqlədik. Bu, həm bizim xalqlarımıza, həm bütün dünyaya çox ciddi bir siqnaldır.”

Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri təkcə ikitərəfli əlaqə müstəvisində deyil, həm də regional və qlobal təhlükəsizlik sistemində öz yerini tapmışdır. Bu sənəd, eyni zamanda, digər regional və beynəlxalq aktorlar üçün aydın mesajdır: Azərbaycan və Türkiyə yalnız dost və qardaş deyil, həm də siyasi, hərbi və strateji baxımdan bir-birinin arxasında duran müttəfiqlərdir.

Bəyannamənin Şuşada – 44 günlük Vətən müharibəsinin simvol şəhərində imzalanması da simvolik və strateji mahiyyət daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsi olaraq əldə etdiyi qələbənin davamı, sülh və təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi yolunda atılmış addım idi.

Bir sözlə, Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin davamı olaraq qazanılmış siyasi üstünlüyün hüquqi təntənəsidir. Bu sənədlə Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq rəsmiləşdirildi və gələcək nəsillər üçün müttəfiqliyin möhkəm təməli atıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd yalnız iki ölkə arasında deyil, eyni zamanda gələcək nəsillər üçün sarsılmaz həmrəyliyin və güclü dövlət iradəsinin simvoludur. Azərbaycan və Türkiyə bu gün birgə qurduqları təməllə gələcəyin sabit və güclü regional düzənini formalaşdırırlar.

Yalçın Abdullazadə,

YAP Salyan rayon təşkilatının məsləhətçisi,

“Vətən Müharibəsi” iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir