Azərbaycan mətbuatı milli maraqların keşiyində

Baş səhifə

Bu il Azərbaycan milli mətbuatının əsası qoyulmasının 150 ili tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti yalnız bir nəşr deyil, milli oyanışın, maarifçiliyin və azərbaycançılıq ideyalarının informasiya daşıyıcısı idi. Bu tarixi hadisə ilə Azərbaycanda söz azadlığına, ictimai düşüncəyə və milli mənlik şüuruna yol açan yeni dövr başlandı. Bu gün, yəni 150 il sonra, milli mətbuatımız artıq informasiya cəmiyyətinin fəal və məsuliyyətli iştirakçısı kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuatın cəmiyyətdəki roluna verdiyi yüksək qiymət bu sahəyə göstərilən diqqət və qayğının bariz ifadəsidir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Bu fikirlər, əslində, həm bir çağırış, həm də media sektorunun fəaliyyət meyarlarının aydın təsviridir.

Azərbaycan mediası son illər ərzində bu çağırışlara layiqincə cavab verə bilmişdir. Xüsusilə rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda media strukturları daha çevik və operativ fəaliyyət göstərməyə başlamış, müxtəlif informasiya platformalarında geniş auditoriyaya çıxış imkanı əldə etmişdir. Cəmiyyətin məlumatlandırılması ilə yanaşı, onun maarifləndirilməsi, ictimai rəyin formalaşdırılması və milli kimliyin qorunub saxlanılması kimi mühüm vəzifələr də bu gün mətbuatın əsas funksiyaları sırasındadır.

Bu gün Azərbaycan jurnalistikası yalnız xəbərin yayımı ilə kifayətlənmir. Media həm də strateji bir vasitədir – dövlətin daxili və xarici siyasətinin, iqtisadi və sosial kursunun cəmiyyətə izah edilməsində, ictimai həmrəyliyin təmin olunmasında, milli təhlükəsizlik maraqlarının qorunmasında mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin mətbuata yönəlik dəstək və təşviqat siyasəti xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı tərəfindən dəfələrlə vurğulandığı kimi, Azərbaycan mətbuatı milli maraqların qorunması istiqamətində mühüm platformadır və onun fəaliyyəti ölkənin sabitliyi və inkişafı ilə sıx bağlıdır.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediasının fəaliyyəti informasiya müharibəsinin real gücünü ortaya qoydu. Prezident İlham Əliyevin dünya mediasının aparıcı platformalarına verdiyi ardıcıl və məntiqli müsahibələr yalnız faktların təqdimatı deyil, həm də Azərbaycanın mövqeyinin dünyaya peşəkar şəkildə izahı idi. Bu çıxışların operativ şəkildə yayılması, ictimai fikrə təsir imkanları və dezinformasiyaya qarşı informasiya cəbhəsində tutarlı cavabların verilməsi milli mətbuatın gücünü və hazırlıq səviyyəsini göstərdi.

Bununla yanaşı, ölkə daxilində də media orqanları cəmiyyətin əhval-ruhiyyəsini əks etdirməklə yanaşı, insanları motivasiya edən, mənəvi birliyə çağıran, vətənpərvərlik ruhunu gücləndirən bir rol oynadılar. Bu, jurnalistikanın yalnız informasiya mənbəyi deyil, eyni zamanda mənəvi dayaq olduğunu sübut etdi.

Azərbaycan dövləti ötən illər ərzində medianın müstəqilliyini, peşəkarlığını və dayanıqlılığını artırmaq üçün ardıcıl tədbirlər həyata keçirib. Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin müasirləşdirilməsi, jurnalistlərin mənzil və sosial məsələlərinin həllinə dair atılan addımlar bu sahənin ümumi inkişafına güclü təkan verib. Jurnalistikanın tədrisi sahəsində aparılan islahatlar, gənc media nümayəndələrinin dəstəklənməsi və ixtisasartırma proqramları informasiya məkanında peşəkar kadrların formalaşmasına zəmin yaradır. Bu gün yeni nəsil jurnalistlər – rəqəmsal mediada çalışan gənc qələm sahibləri ölkəmizin informasiya təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edirlər. Sosial media platformalarında milli mövqeyin qorunması, informasiya sabitliyinin saxlanması və düzgün rəyin formalaşdırılması baxımından bu gənc jurnalistlərin rolu gündən-günə artır.

Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri də beynəlxalq informasiya məkanında ölkəmizin haqq səsinin daha geniş yayılmasını təmin etməkdir. Media yalnız yerli ictimaiyyəti məlumatlandırmaqla kifayətlənməməli, eyni zamanda qlobal auditoriyaya yönəlik fəaliyyətini də genişləndirməlidir. Bu istiqamətdə atılan addımlar – xarici dillərdə yayımlanan rəsmi xəbər portallarının fəaliyyətə başlaması, beynəlxalq medianın yerli jurnalistlərlə əməkdaşlıq etməsi və xarici müxbirlərin ölkəyə cəlb olunması artıq öz müsbət nəticəsini verməkdədir.

Bütün bu amillər bir daha göstərir ki, Azərbaycan mətbuatı bu gün sadəcə informasiya daşıyıcısı deyil, milli kimliyin, vətəndaş həmrəyliyinin və dövlətçilik ənənələrinin qoruyucusudur. Prezident İlham Əliyevin “Biz bu gün Azərbaycan mətbuatında həm operativliyi, həm milli maraqların müdafiəsini görürük” sözləri həm etimadın, həm də məsuliyyətin göstəricisidir.

Sehranə Rzayeva,

Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi, Əməkdar müəllim, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir