Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin ümumi 1,4 milyona yaxın əhalisi olan iki şəhər (Gəncə, Naftalan) və 9 rayon – Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları ərazisində yaşayan əhaliyə tənəffüs sisteminin spesifik ve qeyri-spesifik xəstəliklərinin müalicəsi, diaqnostikası və profilaktikası ilə bağlı tibbi xidmət göstərəcək Şəmkir Regional Xəstəxanasının açılış mərasimi keçirilib.
Kür qəsəbəsində yerləşən xəstəxananın açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, TƏBİB-in və Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin nümayəndələri, Şəmkir Regional Xəstəxananın kollektivi iştirak ediblər.
Xəstəxanın fəaliyyətə başlaması münasibətilə bütün kollektivi təbrik edib, prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından danışdıq.
Bildirdik ki, dövlətimizin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin yenidən qurulması, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov çıxışlarında Şəmkir Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verdilər. Bildirildi ki, xəstəxanada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb.
Açılış mərasimindən sonra qonaqlar Şəmkir Regional Xəstəxanasında yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb. Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir. Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri və avadanlıqlarla təchiz edilib.










